Müqəddəs yalanın son gecəsi

Müqəddəs yalanın son gecəsi
26.09.2026 21:52 Təhlil

Sabah 27 sentyabr olacaq.

Amma bu gün 26-dır. Bu gün son gündür. Son saatlardır. Təqvimdə belə bir gün bir də olmayacaq. Başdan ayağa kuryoz, tarix, ilk, şəhadət, son vida, son qucaqlaşma, son zəng... hamısı bu günə yığılıb.

Mən bu günü gözümü yumanda da görürəm.

Bu gün son zənglərin günüdür, ay qardaş!

Bakıda bir uşaq anasına zəng edir. Deyir ana, narahat olma, sabah təlimdir. Bir müddət zəng çatmayacaq. Səsi titrəyir. Ana hiss edir, amma heç nə demir. Çünki ana  bilimir sabah nə olacaq, amma analar hiss edir, anlayır.

Biri Bərdədə yoldaşına deyir, sabah gəlirəm, bazarlıq edərik. Bilir ki, gedə bilməyəcək.

Biri sevgilisinə bir səs atır. Deyir rabitə bir az zəif olacaq, nigaran qalma. Səs atır, sonra o səsi özü 20 dəfə qulaq asır. Son səsdir axı.

Hamı o gecəni mütləq danışıb kiminləsə, yazışıb. Biriləri onların ya son səsini, ya da son mesajını yadigar, lakin tarix kimi saxlayıb.


Bax, bu gün belə gündür. Hamı yalan danışır, hamı Vətəni qorumaq üçün yalan danışır. Əsgərin yalanı müqəddəs olur bu gün.

Baxırsan 26 sentyabr 2020-yə. İrəvanda Paşinyan hələ də sərxoşdur. Cıdır düzündə yallı gedir. Deyir Qarabağ Ermənistandır. Şuşada, bizim Cıdırda! Allahın işinə bax. 12 saat sonra o Cıdır düzündə top səsi eşidiləcək. Sən orada oynayanda bilmirsən ki, son rəqsindir. Tarix belə edir. Adamı Cıdır düzündə oynadır, sonra Cıdır düzündə ağladır.

Minsk qrupu yenə bəyanat verir. "Tərəfləri təmkinə çağırırıq". 30 ildir eyni cümlə. 30 ildir bir kəndi də qaytarmayıb. Bu gün onların da son günüdür. Sabah Azərbaycan o Minsk qrupu deyilən kloun klubunu tarixin zibilxanasına atacaq. Bir cümlə ilə: Rədd olun!

Bu gün belə kuryozlarla doludur.

Bu gün son qucaqlaşmaların günüdür.

Polad Həşimovun qanı hələ Tovuzda qurumayıb. İyulda şəhid oldu. Bütün ordu and içdi. Dedi qisas alınacaq. Bax bu gün, 26 sentyabr, o andın son gecəsidir. Əsgər kazarmada yata bilmir. Dönür, o tərəf bu tərəfə dönür. Gözünün qabağına Polad gəlir. Generalın səsi gəlir. Sabah qisas günüdür deyir.


Xudayar bu gün evdə son dəfə o mahnını oxuyur. Vətən yaxşıdır... Anası qulaq asır, kövrəlir. Bilmir ki, sabah bu mahnı bütün Azərbaycanın dilində olacaq. Bilmir ki, oğlu o şərqini oxuyacaq və şəhid olacaq. O gözəl təsnif rəhmətlik Əlibaba müəllimini xeyir - duası ilə dönüb "Xudayar" təsnifi olacaq.


Mən bu gün o uşaqları görürəm. 19 yaşlı uşaqlar. Bakıdan, Qubadan, Lənkərandan, Naxçıvandan gələn uşaqlar. Son dəfə forma geyinirlər. Son dəfə güzgüyə baxırlar. Biri papağını düzəldir, biri çəkməsini silir. Sabah o çəkmə Qarabağın palçığına batacaq. Sabah o papaq qanla... Amma bu gün hələ təmizdir. Bu gün son dəfə təmizdir.

Ay qardaş, sabah savaş olacaq!

Sabah 06:00-da savaş başlayacaq. Vətən savaşı.

Bu, o köhnə savaşlardan deyil. Səngərdə oturub məğlubiyyət savaşı deyil, almaq savaşıdır! İlk dəfə almaq savaşıdır. 30 ildə ilk dəfə biz hücuma keçəcəyik. İlk dəfə tank geri yox, irəli gedəcək. İlk dəfə ana oğlunu "ehtiyatlı ol" deyib yox, "get al" deyib yola salacaq.

İlk dəfə  adamlar qorxudan yox, sevincdən ağlayacaq. Xəbər gələndə. Kənd alındı, rayon alındı, yüksəklik alındı... Hər xəbərdə bir evdə ağlayacaqlar.

Bu gün tarixçilər susur. Sabah tarixçilər danışacaq. Bu gün son gündür. Sabah ilk gündür.

Mən bu gün Azərbaycanın son dəfə Qarabağsız olduğu günü yaşayıram. Sabah Azərbaycan artıq Qarabağlı olacaq. Bu hissi anladıq? 30 il Qarabağsız yatıb oyanmısan, sabah Qarabağla oyanacaqsan.

Ona görə bu gün ağırdır. Bu gün adamın sinəsinə dağ qoyurlar elə bil.

Saatlar qalıb. Bax, indi saat 11-dir, 12-dir (olacaq)... Uşaqlar son siqareti çəkir. Son çayı içir. Bir-birinə baxır. Heç kim danışmır. Hamı bilir sabah nə olacaq. Hamı bilir bəziləri qayıtmayacaq. Amma heç kim qorxmur. And olsun heç kim qorxmur!

Çünki sabah Vətən savaşıdır.

O savaşda ölən şəhid olur, qalan qazi olur, millətin isə tarixi olur, ya da elə millət tarix olur.

Biz millət olduq o savaşda.

26 sentyabr. Son gün. Son zəng. Son qucaqlaşma.

Gözünüzü yumun. O uşaqların səsini eşidin. Sabah onlar tarix yazacaq.

Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində sabahımız var.

Sabah 27 sentyabrdır.


Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər