Dövlətin etdiyinə baxın!
Mənə yazırlar: BMT-də Netanyahu danışanda hamı zalı tərk etdi, bizim diplomat qaldı, üstümüzə hücum gəldi.
Mən də deyirəm: O hücuma baxmayın. Dövlətin etdiyinə baxın! Bu, Azərbaycana qarşı təşkil edilmiş növbəti kampaniyadır.
Diplomatiya nədir? Diplomatiya Instagram performansı deyil. Qapını çırpıb çıxmaq, story paylaşmaq deyil. Diplomatiya dövlətin marağını qorumaqdır.
Yaqub Qədri Qaraosmanoğlu "Zorən Diplomat"da bir hadisə haqda yazır ki, Laheyədə səfirdir. Ankaradan üzərində "məxfi və şəxsi" yazılmış zərf gəlir. Qapını kilitləyir, həyəcanla açır ki, içində nə var. Bu an otaqdakı radio eyni xəbəri anons edir. Yəni ona məxfi deyilən şey artıq bütün dünyaya yayılıb. Özü də gülür: "Səfir hamıdan axırda xəbər tutur".
Bu gün BMT-dəki bizim diplomat da elədir. Sosial şəbəkədə oturan elə bilir diplomat qərarı özü verir. Yox. Diplomat dövlətin təlimatı ilə oturur, dövlətin təlimatı ilə qalxır. Onun işi şou göstərmək deyil axı, dövləti təmsil etməkdir.
İndi gəlin Azərbaycan reallığına baxaq.

Şuşanı kim aldı?
Şuşanı Azərbaycan əsgəri aldı! Qəhrəman əsgər qayaya dırmaşanda əlində ürəyindən başqa heç nə yox idi. Bunu birinci biz deməliyik, bunu heç kim mübahisə edə bilməz.
Amma müharibə tək ürəklə aparılmır. Müharibə dövlətin illərlə qurduğu münasibətlərlə aparılır. Azərbaycan bu münasibətləri illərlə qurub. İsrail ilə qurulan əlaqə də bunun bir hissəsidir. Neft, texnologiya, kənd təsərrüfatı. Bu, bərabər dövlətlərin hesabıdır. Ağa-nökər münasibəti yoxdur. Dövlət-dövlət münasibəti var.
Sən bu hesabı BMT-də bir zalı tərk etməklə dağıda bilməzsən.
Biz Fələstini satdıqmı?
Yox. Azərbaycan Fələstini dövlət kimi tanıyır. Ramallahda nümayəndəliyi var. BMT-də Fələstinin statusunun qaldırılmasına səs verib. Qəzzaya UNRWA vasitəsilə humanitar yardım göndərib. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatında açıq deyib: İki dövlət prinsipi, Şərqi Qüds paytaxt olmaqla ədalətli həll.
Yəni biz zalda oturanda heç kimi satmırıq. Biz zalda oturanda öz xəttimizi qoruyuruq. Biz deyirik həm İsrailin təhlükəsizlik haqqı var, həm də Fələstin xalqının dövlət haqqı var. Bu, Azərbaycanın balansıdır.

Türkiyə çıxdı, biz niyə çıxmadıq?
Çünki qardaşlıq o demək deyil ki, hər addımı eyni atasan. Qardaşlıq o deməkdir ki, bir-birinin mövqeyini anlayasan.
Türkiyə 85 milyonluq, NATO üzvü, regionda söz sahibi olan böyük gücdür. Onun BMT-də verdiyi mesajın ünvanı başqadır, çəkisi başqadır. Azərbaycan Cənubi Qafqazda, Qarabağ savaşından yeni çıxmış, ətrafı bəlli olan dövlətdir. Onun birinci vəzifəsi sabitliyi və balansı qorumaqdır.
Bu günə qədər Azərbaycan haçansa durub Türkiyənin islamlaşma və bir az da ərəbləşmə xəttinə irad tutubmu? Çünki qlobal və siyasi laylarda baş verənləri Azərbaycan daha yaxşı başa düşür və özünə də gəldikdə bu haqqın tanınmasını gözləyir, eləcə də tələb edir.
Türkiyənin zalı tərk etməsi Türkiyənin haqqıdır. Azərbaycanın zalda oturub öz balansını qoruması da Azərbaycanın haqqıdır. Bunu qarşı-qarşıya qoymaq, iki qardaş dövləti üz-üzə qoymaq istəyənlərin oyunudur. Biz o oyuna gəlməyəcəyik.
BMT nədir?
BMT məscid deyil ki, xoşun gəlməyəni eşidəndə çıxasan. BMT elə yerdir ki, orada xoşlamadığın adamı da dinləyirsən. Bu gün Netanyahunu dinləyirsən, sabah İranı dinləyirsən. Ora dinləmə yeridir.
Bizim diplomat nə etdi? Oturdu, dinlədi, qeydini götürdü. Sözünü lazım olan yerdə, lazım olan masada deyəcək. Bəzən xoşun gəlməsə də, təbəssümü qoruyub dövlətin sözünü deməlisən.
Və son söz...
Bu dövlət Qaxda Kürmük məbədinə göz dikən patriarxa da cavab verib, Qarabağda kilsə davası ilə torpaq istəyən separatçıya da cavab verib. Birinə tarixlə, birinə dəmir yumruqla.
İndi də kimsə istəyir ki, biz bir zalı tərk etməklə 30 illik balansı dağıdaq. Bu Fələstinə köməkdənsə, Azərbaycana qurulmuş tələdir.
Ona görə bir də deyirik ki, o kampaniyaya baxmayın. Dövlətin etdiyinə baxın!
Ayrıca, hər kəsin İsraillə bir bağlı qapı arxasında alış-verişi var. Çox da açıb-ağartmasaq, deyirik.

Əziz Əlibəyli
Siyasi texnoloq