Netanyahunun çıxışı zamanı zalı tərk etməyən Azərbaycan diplomatı kimdir? - DOSYE

Netanyahunun çıxışı zamanı zalı tərk etməyən Azərbaycan diplomatı kimdir? - DOSYE
26.09.2026 23:35 Gündəm

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk etməyən azərbaycanlı diplomat diqqət çəkib.

Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrinin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycan nümayəndəsinin yerində qalması Türkiyə, İsrail və ərəb mediasının diqqətindən yayınmayıb.

Bəs həmin diplomat kimdir?

Söhbət Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynovdan gedir.

Hüseynov Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayevin rəhbərlik etdiyi diplomatik komandanın üzvüdür.

Onun əsas fəaliyyət istiqamətləri beynəlxalq təhlükəsizlik, tərksilah və beynəlxalq hüquqla bağlı məsələləri əhatə edir. Hüseynov BMT Baş Assambleyasının Birinci Komitəsində, Tərksilah Komissiyasında və digər beynəlxalq toplantılarda Azərbaycanı təmsil edib.

Diplomat nüvə silahlarının yayılmaması, tərksilah və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyini ifadə edib.

Məqsəd Hüseynovun adı Azərbaycanın BMT-dəki müxtəlif diplomatik fəaliyyəti ilə bağlı sənədlərdə də yer alıb.

BMT Təhlükəsizlik Şurasındakı çıxışı

Məqsəd Hüseynov 31 yanvar 2026-cı ildə BMT Təhlükəsizlik Şurasında keçirilən Arria-formula iclasında çıxış edib.

O, çıxışı zamanı BMT Nizamnaməsi və beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Diplomat dövlətlərin üzərlərinə götürdükləri beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirməli olduğunu bildirib. O, həmçinin sülhün təmin olunması üçün dağıdılmış şəhərlərin bərpası və minaların təmizlənməsinin vacibliyinə diqqət çəkib.

COP29-da da iştirak edib

Məqsəd Hüseynov 2024-cü ildə Azərbaycanın COP29 sədrliyi çərçivəsində keçirilən tədbirlərdə də iştirak edib.

Onun adı iqlim dəyişmələri, karbon bazarları və Paris Sazişinin icrası ilə bağlı beynəlxalq sənədlərdə Azərbaycanın nümayəndəsi kimi yer alıb.

Madrid təcrübəsi

Hüseynov bundan əvvəl Azərbaycanın İspaniyadakı səfirliyində də diplomatik fəaliyyət göstərib.

O, Madriddə əvvəlcə üçüncü, daha sonra isə ikinci katib vəzifəsində çalışıb. Bu dövrdə siyasi və iqtisadi məsələlər üzrə fəaliyyət göstərib, Azərbaycanın İspaniyadakı rəsmi nümayəndə heyətlərinin müxtəlif görüşlərində iştirak edib.

Təhsili və elmi fəaliyyəti

Məqsəd Hüseynov Almaniyanın Vürzburq Universitetinin məzunudur.

Onun beynəlxalq hüquqla bağlı “Beynəlxalq adət: anlayışı və xüsusiyyətləri” adlı elmi məqaləsi də dərc olunub. Məqalədə beynəlxalq adətin hüququn mənbəyi kimi rolu və dövlət praktikası araşdırılıb.

Hazırda Məqsəd Hüseynov Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi kimi fəaliyyət göstərir.

Kübra Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər