Yasamalda qorxulu anlar: 6 sahibsiz it… - VİDEO
Yasamal rayonu, Tofiq Hacıyev küçəsinin sakinləri ərazidə sahibsiz itlərin çoxalmasından narazıdır.
TodayPress TV-yə müraciət edən sakinlərin sözlərinə görə, küçədə son vaxtlar sahibsiz itlərin sayı artıb. Onlar bildirirlər ki, itlər əsasən dəstə halında hərəkət edir və insanlara yaxınlaşaraq aqressiv davranırlar.
Sakinlərin sözlərinə görə, indiyədək bir neçə dəfə insanlara da hücum edilib. Bu səbəbdən xüsusilə axşam saatlarında küçədə hərəkət edən sakinlər özlərini rahat hiss etmirlər. Valideynlər isə uşaqların təkbaşına küçəyə çıxmasından narahat olduqlarını deyirlər.
Şikayətçilər bildirirlər ki, itlərin aqressivliyi digər heyvanlar üçün də təhlükə yaradır. Redaksiyaya göndərilən videoda təxminən 6 sahibsiz itin balaca bir pişiyə hücum etdiyi görünür. Görüntülərdə itlərin pişiyi mühasirəyə aldığı və ona hücum etdiyi əks olunub.
Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumların əraziyə baxış keçirməsinə və problemin həllinə ehtiyac var. Onlar sahibsiz itlərin sayının nəzarətə götürülməsini, insanlara hücum etdiyi bildirilən heyvanlarla bağlı tədbir görülməsini istəyirlər.
Sakinlər eyni zamanda heyvanlara qarşı qəddar davranışın yolverilməz olduğunu bildirərək problemin həm insanların təhlükəsizliyi, həm də heyvanların qorunması nəzərə alınmaqla həll edilməsini xahiş edirlər.
TodayPress TV məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcək.
Kübra Musayeva