Müharibədə bir ilk: Robotlar cəbhəyə endirildi
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna qarşı əməliyyatlarda yerüstü robotlaşdırılmış komplekslərdən ilk dəfə istifadə edib.
TodayPress TV xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun məlumatına görə, kamikadze tipli yerüstü robotlar bombardmançı dronların köməyi ilə döyüş bölgəsinə çatdırılıb. Bildirilir ki, robotlar Donetsk vilayətində Rusiya qüvvələrinin nəzarətində olan əraziyə 10 kilometrdən çox dərinliyə yerləşdirilib. Əməliyyat “Vivaldi” adlandırılıb.
Yayılan görüntülərə əsasən, kameralarla təchiz edilmiş robotlar əraziyə endirildikdən sonra müstəqil şəkildə hərəkət edib, hədəfləri müəyyənləşdirərək onlara hücum ediblər. Ukrayna tərəfi bu taktikanı “Qrifon” adlandırıb.
3-cü Ordu Korpusunun komandiri Andrey Biletskinin sözlərinə görə, “Vivaldi” əməliyyatının yalnız ikinci mərhələsində 800-dən çox Rusiya hərbçisi öldürülüb, Rusiya qüvvələrinin ümumi itkiləri isə 3 mini keçib. Bu məlumat Ukrayna tərəfinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Biletski həmçinin bildirib ki, son həftələrdə Ukrayna qüvvələri 125 kvadrat kilometrdən çox əraziyə nəzarəti bərpa edib. Onun sözlərinə görə, Donetsk vilayətində Liman istiqamətində Sredne, Derilovo və Şandriqolovo yaşayış məntəqələri də azad edilib.
Ukrayna tərəfi yeni taktikanı döyüş meydanında yerüstü robotların tətbiqində yeni mərhələ kimi qiymətləndirir.
Kübra Musayeva