Dünyada ən çox müzakirə olunan problem Bakıda masaya çıxarıldı
“Qlobal mənzil böhranının həlli effektiv çoxtərəflilik, güclü tərəfdaşlıqlar, innovativ maliyyələşmə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyət tələb edir”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, mənzil yalnız yaşayış məsələsi deyil, insan ləyaqətinin, dayanıqlılığın, sosial inklüzivliyin, iqtisadi imkanların və davamlı inkişafın əsasını təşkil edir.
Anar Quliyev qeyd edib ki, qlobal mənzil böhranına cavab vermək üçün effektiv çoxtərəflilik, daha güclü tərəfdaşlıqlar, innovativ maliyyə mexanizmləri və bütün səviyyələrdə koordinasiyalı fəaliyyət vacibdir.
Komitə sədri vurğulayıb ki, WUF13 təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq:
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən Liderlər Günü sessiyası forumun əsas hadisələrindən birinə çevrildi. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və hər kəs üçün adekvat mənzil ilə dayanıqlı icmaların formalaşdırılması istiqamətində güclü siyasi iradəni nümayiş etdirdi. Forumun daha bir mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının nəzərdən keçirilməsinə həsr olunmuş yenilənmiş Nazirlər Görüşü oldu. Forumda iştirak edən 111 ölkədən 80-i nazir səviyyəsində təmsil olundu”.
Anar Quliyev bildirib ki, nazirlər görüşündən sonra keçirilən tematik panellər mənzil, iqlim, dayanıqlılıq, sosial inklüzivlik və çoxtərəfli əməkdaşlıq mövzularında daha interaktiv və həll yönümlü dialoq platforması yaradıb.
O vurğulayıb ki, müzakirələr zamanı aparılan geniş fikir mübadiləsi və təqdim olunan praktiki tövsiyələr sədrin yekun sənədinin hazırlanmasına mühüm töhfə verib:
“Bu proses eyni zamanda bu ilin sonunda keçiriləcək Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalı, BMT-nin yüksək səviyyəli görüşü və Baş Assambleyası üçün mühüm impuls formalaşdırdı”.
Qiymət Mahir