Diplomatlar Şuşada tikilən yeni məscidə baxdılar - VİDEO

Xarici siyasət

02.05.2026 10:30

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərinin ikinci günü Şuşadan başlayıb.

TodayPress TV xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xarici nümayəndələrə Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.

Sonra xarici qonaqlar Qazançı kilsəsi ilə tanış olublar.

Daha sonra diplomatik korpus nümayəndələri Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.

Qeyd olunub ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.

İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

TodayPress TV

tag: Diplomatlar,Şuşa,Məscid,Səfər,Todaypress.tv,