Üçüncü Dünya savaşının qığılcımları: Generallara "HAZIR OL!" əmri!

Təhlil

16.02.2026 16:16

Böyük Britaniyanın müdafiə qərargah rəisi Riçard Nayton və Almaniyanın müdafiə rəisi Karsten Broier ictimaiyyəti Rusiya ilə mümkün müharibə riskinə hazır olmağa çağırıblar. 


Maraqlıdır, mümkün müharibə riski varmı, yoxsa bəyanatlar sadəcə diplomatik gedişdir?  

Məsələni siyasi analitik Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


O, qeyd edib ki, müharibə riski çox yüksəkdir: 

"Bəzi xarici mənbələrdə, xüsusilə Qərb analitikləri və təhlilçiləri bildirirlər ki, bu müharibə 2030-cu ilədək baş verə bilər. Çünki faktiki olaraq Rusiya Ukraynada müharibə aparmaqla Avropa İttifaqına təhdidlər yaradır və planları ondan ibarətdir ki, müharibəni Avropanın mərkəzinə qədər daşısın. Hazırda isə Rusiya yalnız Şərqi Avropa ilə kifayətlənir. Bu, çox böyük bir təxribat xarakterli ideyadır". 

Ekspert vurğulayıb ki, Ukrayna ərazisində faktiki olaraq Rusiya ilə Qərb arasında müharibə gedir: 


"Keçmiş administrasiya, Cozef Baydenin dönəmində Vaşinqton və Brüssel bir cərgədə idilər. Lakin Donald Trampın gəlişi bir qədər vəziyyəti dəyişib və görünür ki, Tramp Rusiya ilə danışıqlar aparır. Ankoricdə, Alyaskada görüşlər keçirilib və sövdələşmələr olub, amma bunlar əsas məsələ deyil. Önəmli olan budur ki, bu müharibəni Qərb özü istəyir, yəni Avropa ölkələrinin bir qismi buna maraqlıdır".

Onun qənaətincə, burada əsas üçlük London, Berlin və Parisdir. Paris bir qədər ehtiyatlı mövqe tutur. Fransada prezidentlik dönəmi bitmək üzrədir və ölkə həmişə Avropada, Qərb blokunda ayrı bir mövqe saxlamağa çalışıb. Hətta ABŞ və Qərbi Avropa ilə Rusiya arasında gərgin münasibətlər olsa belə, Paris dialoqu qorumağa çalışır. Hazırda da Makron bildirir ki, Rusiya ilə təmas qorunmalıdır.

T.Abbasov diqqətə çatdırıb ki, Almaniyanın kansleri Olaf Mertsin çıxışları isə daha sərt və tikanlıdır. O, həmçinin qeyd edib ki, İngiltərənin elitası da oxşar mövqedədir. Starmer şəxsən daha ehtiyatlı görünə bilər, amma Böyük Britaniyanın siyasətini dərin dövlət sistemi müəyyən edir. Bu qüvvələr uzun illərdir ki, Rusiyanı daimi düşmən və rəqib kimi görürlər və onunla mübarizə aparmaq istəyirlər.

Ekspertin fikrincə, hazırda Ukrayna ətrafında gedən proseslər Rusiyanın irəliləyişinin ləng getdiyini və əvvəl elan edilmiş planları həyata keçirə bilmədiyini göstərir. Avropa isə bu vəziyyətdən istifadə etmək istəyir. İlk növbədə Avropanın marağı Rusiyanın təbii sərvətləri və su ehtiyatlarıdır. Sağçı qüvvələr və digər təsirli qüvvələr münaqişəli vəziyyət yaratmağa çalışır.

"Avropa bu müharibədə açıq maraqlı tərəf kimi çıxış edir. Ukraynaya dəstək verərək və müharibənin dayandırılmasının qarşısını alaraq uzunmüddətli planlarını həyata keçirmək niyyətindədir. Bu planlar həm Rusiya xərclərini artırır, həm də Ukrayna resurslarını azaldır, miqrasiyanı sürətləndirir və infrastrukturun dağıdılmasına səbəb olur", - analitik əlavə edib. 

Ekspertin fikrincə, bu çox təhlükəli mövqedir, çünki nəticəsi Avropa üçün də ciddi problemlər yarada bilər. 

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Siyasi analitik,Üçüncü Dünya savaşı,Generallar,Todaypress.tv,