Türk dünyasının gözü Zəngəzurda - Sülhə az qaldı

Təhlil

06.04.2026 16:44

"Bu gün Zəngəzur dəhlizi Cənubi Qafqazın siyasi gündəminin mərkəzindədir. Layihə Azərbaycanın strateji üstünlüyünü möhkəmləndirir, Ermənistan üçün isə həm şans, həm də gələcək iqtisadi uğur mənbəyi yaradır". 

Bunu siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, ABŞ-nin  maliyyə dəstəyi ilə dəhlizin reallaşması regional geosiyasətdə yeni balansın formalaşmasına imkan verə bilər.

Analitik qeyd edib ki, dəhlizin siyasi əhəmiyyəti və faydaları genişdir: 

"Ölkəmiz üçün bu layihə Naxçıvanla əsas ərazini birləşdirir və uzun illər davam edən blokadanı aradan qaldırır. Tarixi olaraq Türk dünyasını birləşdirən strateji arteriya kimi çıxış edir və Avrasiyada yeni siyasi-iqtisadi xəritənin formalaşmasına töhfə verir. Bu layihə Azərbaycanın milli maraqlarına cavab verən, iqtisadiyyatına dəstək verən və qürur mənbəyi olan bir təşəbbüsdür". 

Ekspert,  həmçinin vurğulayıb ki, dəhliz Ermənistan üçün  gələcək iqtisadi imkanlar təqdim edir: 

"Çünki layihəni qəbul etməsi onun regional sabitliyə inteqrasiyasını təmin edə bilər; əks halda təcrid riski daha da dərinləşəcək. Zəngəzur dəhlizi tarixi yol olaraq Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Məsələn, dəhliz vasitəsilə Ankara-Bakı xətti güclənir və Orta Asiya ilə Avropanı birləşdirən yeni tranzit yol yaranır. Qardaş Turan həmrəliyi də bu birliyə əlavə fayda gətirə bilər".

Onun sözlərinə görə, dəhliz həm Avropa, həm də Asiya üçün strateji əhəmiyyət kəsb edir və Şərq-Qərb ticarətini optimallaşdıran qlobal nəqliyyat qovşağı kimi qəbul olunur: 

"Hesab edirəm ki, dəhlizin açılması sülh prosesinin əsas dayağıdır və layihənin həyata keçirilməsində tərəflərin siyasi iradəsi həlledici rol oynayacaq".  

Aydın Tağıyev sonda əlavə edib ki, Zəngəzur dəhlizi artıq sadəcə bir nəqliyyat layihəsi deyil: 


"Bu dəhliz Cənubi Qafqazın siyasi gələcəyini müəyyən edən strateji arteriyadır. Azərbaycan üçün bu, tarixi ədalətin bərpası və regional liderliyin möhkəmlənməsi deməkdir. Ermənistan isə seçim qarşısındadır: ya dəhlizi qəbul edib iqtisadi inteqrasiyadan faydalanacaq, ya da təcrid olunaraq daha mürəkkəb geosiyasi vəziyyətlə üzləşəcək. ABŞ-nin dəstəyi layihəni beynəlxalq səviyyədə legitimləşdirir, lakin regionun sabitliyi üçün Bakı və İrəvanın qarşılıqlı siyasi iradəsi həlledici olacaq". 

Jalə Rövşən

TodayPress TV

tag: Aydın Tağıyev,Siyasi analitik,Türk dünyası,Zəngəzur,Todaypress.tv,