Sülhün qarşısında dayanan əsas əngəl – Ermənistan Konstitusiyası
Təhlil
28.08.2025 13:21
“Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı şübhə doğuran müddəanın mövcud olmasıdır. Bu, hazırkı məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbidir”.
Politoloq Turan Rzayev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sülh yalnız imzalanan sənədlə deyil, tərəflərin daxili hüquqi və siyasi mövqelərində dəyişikliklərlə mümkün olur. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sənədinin imzalanması həm formal görünə bilər, həm də gələcəkdə yenidən problemlərin alovlanma riskini daşıyar. Ermənistan bu müddəanı aradan qaldırsa, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı üçün real zəmin yaradacaq.
Analitik, həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də münasibət bildirib:
“ABŞ Prezidenti Donald Trampın bu dəhlizə öz adını verməsi, yalnız rəmzi jest deyil, həm də Ağ Evin bu layihədə maraqlı və potensial iştirakçı ola biləcəyinə işarədir. Amerikalı investorların dəhlizin inşasında iştirak etməsi mümkündür. Bu layihənin beynəlxalq statusunu və iqtisadi cəlbediciliyini artıracaq”.
T.Rzayev hesab edir ki, burada əsas məqsəd yalnız yolun tikilməsi deyil, həm də onun istismarında beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunmasıdır. Bu, sadəcə logistika məsələsi deyil, həm də psixoloji və siyasi təhlükəsizliklə bağlıdır.
“Ermənistanla uzunmüddətli qarşıdurma şəraitində Azərbaycan vətəndaşlarının, xüsusən də Naxçıvandan səyahət edənlərin özlərini təhlükəsiz hiss etməsi prioritetdir”, - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bir sıra məsələlərlə yanaşı, Ermənistanla paraflanmış sülh sənədinə və Zəngəzur dəhlizi məsələsinə də aydınlıq gətirib.
Aysel Mətləb
tag: Turan Rzayev ,Politoloq,Ermənistan,Konstitusiya,Todaypress.tv,
