Vüqar Bayramov: “Ağdam Qarabağın yeni sənaye mərkəzinə çevriləcək”

Təhlil

20.11.2025 17:37

“Ağdam şəhərinin bu gün xüsusi gün kimi qeyd olunması həm rəmzi, həm də strateji məna daşıyır. Erməni vandalizmi nəticəsində tamamilə dağıdılan Ağdam hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ən sürətli bərpa və yenidənqurma prosesi həyata keçirilən ərazilərdən biridir. Şəhər və kəndlər müasir standartlarla yenidən qurulur”.


TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, işğaldan əvvəl Ağdam regionun aqrar mərkəzlərindən olub və bu potensial bu gün daha müasir yanaşma ilə bərpa edilir:


“Ermənistanın 27 illik işğalından öncə Ağdamda yeyinti və yüngül sənaye sahələri inkişaf edirdi. Rayon torpaqlarının 92 faizi əkin üçün yararlıdır ki, bu da böyük aqrar potensialın mövcudluğunu göstərir. Təsdiq edilmiş Baş Plan isə Ağdamın bərpadan sonra yalnız kənd təsərrüfatı ilə deyil, eyni zamanda sənaye istehsalı ilə də xüsusi rol oynayacağını müəyyənləşdirir”.

Parlamentari qeyd edib ki, bərpa prosesi iqtisadi baxımdan həm yerli, həm də xarici sərmayəni cəlb edir:

“Ağdama yalnız yerli deyil, xarici investisiyaların da cəlb olunması nəzərdə tutulur. Burada sənaye məhsullarının istehsalı, onların daxili bazara və xaricə ixracı planlaşdırılır. Eyni zamanda Şimal–Cənub nəqliyyat dəhlizi Ağdamda istehsal olunan məhsulların ixrac imkanlarını genişləndirəcək. Bu isə regionun qeyri-neft ixracına mühüm töhfə verəcək”.

Deputat əlavə edib ki, Ağdam təkcə sənaye ilə deyil, turizm potensialı ilə də seçiləcək:


“Rayonun təbiəti, tarixi irsi və xüsusilə yay turizmi üçün geniş imkanlar investorlar və turistlər üçün cəlbedici mühit yaradacaq”.

Onun sözlərinə görə, son illərdə görülən genişmiqyaslı infrastruktur işləri Ağdamın yaxın zamanda Qarabağın sənaye mərkəzinə çevriləcəyinə real zəmin yaradır:

“Görünən odur ki, həyata keçirilən layihələr Ağdamı regionun ən dinamik inkişaf edən iqtisadi zonalarından birinə çevirəcək”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Ağdam,Mərkəz,Todaypress.tv,