"Sülh məğlubiyyət deyil, imkandır" — Natali Aleksanyan DANIŞDI
Təhlil
29.10.2025 14:23
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı Azərbaycanla münasibətlərin normallaşmasından danışıb.

Baş nazir “Sülh Ermənistan üçün tanış olmayan məfhumdur” deyərək, əslində, uzun illər müharibə psixologiyası ilə yaşayan cəmiyyətin daxili ziddiyyətlərini, qorxu və düşmənçilik üzərində qurulmuş ideoloji təfəkkürün dərin izlərini və Ermənistanın öz ideoloji kimliyi ilə üzləşməsini nümayiş etdirib.
Maraqlıdır, Paşinyanın bu etirafı erməni cəmiyyəti tərəfindən necə qarşılanacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyan erməni cəmiyyətində sülh anlayışı ilə bağlı ciddi problemlərin olduğunu qeyd edib:
“Dəfələrlə müsahibələrimdə, yazılarımda qeyd etmişəm ki, əsl çətinliklər sülh sazişi imzalandıqdan sonra başlayacaq. Keçmiş “Qarabağ klanı” demək olar ki, 30 il ərzində erməni xalqını qorxu, dəhşət və nifrət içində saxlayıb. Faktlara baxsaq, aydın olar ki, bütün bunlar hakimiyyəti qorumaq və cəmiyyəti daimi təhlükə hissi üzərindən idarə etmək üçün qəsdən edilib”.
Jurnalist Ermənistan xalqının düşüncəsini dəyişməli olduğunu ifadə edib:
“Bu gün Ermənistan yeni mərhələnin astanasındadır və bizim əsas çağırışımız xarici deyil, daxilidir. Xalq başa düşməyi öyrənməlidir ki, sülh məğlubiyyət deyil, imkandır. Düşüncə tərzimizi dəyişməli, qorxusuz, düşmənçilik olmadan yaşamağı bacarmalıyıq.
Sülh bir gündə gəlmir — o, dərk, zəhmət və etimadla formalaşır. Bu gün düşüncəmizi dəyişməsək, sabah bizim üçün sülh yenə də “naməlum məfhum” olaraq qalacaq”.
Qiymət Mahir
tag: Natali Aleksanyan,Erməni jurnalist,Sülh,Açıqlama,Todaypress.tv,
