Diplomatik xəritədə baş verən dəyişikliklərin simvolu: 17-ci Zirvə Görüşü!

Təhlil

03.07.2025 13:34

"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü kimi  Beynəlxalq əhəmiyyətli tədbirin məhz Xankəndidə baş tutması Azərbaycanın suverenliyini, həmçinin regional və beynəlxalq çəkisini nümayiş etdirən mühüm siyasi, iqtisadi və mənəvi mesajdır".

TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.  

Onun sözlərinə görə, İƏT-in siyasi nüfuzu təşkilatın iqtisadi göstəricilərindən xeyli böyükdür.

"İƏT-ə üzv ölkələr dünya əhalisinin təxminən 8 faizini təşkil edir. Onların ümumi nominal ÜDM-si 2,6 trilyon dollar civarındadır ki, bu da qlobal iqtisadiyyatın 8-9 faizinə yaxındır. Lakin təşkilatın siyasi və geo-iqtisadi çəkisi təkcə bu göstərici ilə ölçülə bilməz. Çünki İƏT ölkələri enerji bazarlarında, nəqliyyat dəhlizlərində və regional təhlükəsizlik məsələlərində əhəmiyyətli rol oynayır. Son on ildə təşkilata üzv ölkələrdə iqtisadi artım qlobal ortalamanı bir faiz bəndindən çox üstələyib", – deyə o vurğulayıb.

İqtisadçı əlavə edib ki, Zirvə Görüşündə müzakirə ediləcək mövzular Azərbaycanın elan etdiyi milli prioritetlərlə tam şəkildə üst-üstə düşür. Buraya regional ticarət, rəqəmsal gömrük sistemləri, nəqliyyat infrastrukturunun inkişafı, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə kimi məsələlər daxildir.

"Azərbaycan bu dəfə təkcə ev sahibi kimi deyil, həm də yol göstərən, istiqamətverici ölkə kimi çıxış edir. Bu Zirvə Görüşü diplomatik xəritədə baş verən dəyişikliklərin simvoludur və ən önəmlisi, həmin dəyişikliklərin önündə isə Azərbaycan gedir", – deyə Eldəniz Əmirov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçiriləcək.

Türkan İsgəndərli

tag: Eldəniz Əmirov,Ekspert,İƏT,Zirvə Görüşü,Todaypress.tv,

photo