Yeni üçlü ittifaq yaranır: TAG-ın əsas hədəfi hərbi əməkdaşlıq olacaq? - POLİTOLOQ
Təhlil
15.08.2025 17:00
“Gələcəkdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi əməkdaşlıqla yanaşı, hərbi sahədə də münasibətlərin daha yüksək səviyyəyə çatdırılması mümkündür”.
Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O xatırladıb ki, üç ölkə arasında əməkdaşlığın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, keçən əsrin 90-cı illərində Bakı-Ceyhan neft kəmərinin işə düşməsi və Azərbaycanın Gürcüstana göstərdiyi yardımlar bu əməkdaşlığın formalaşmasında həlledici rol oynayıb.
“2000-ci illərdə Azərbaycan və Türkiyə liderləri bu əməkdaşlığı inkişaf etdirmək üçün böyük işlər görüblər və proses bu gün də davam edir. Hazırda əsas əməkdaşlıq istiqaməti iqtisadi sahədir və bu sahədə tərəfdaşlıq dinamik şəkildə inkişaf edir”.
Analitik regiondakı Rusiya faktoruna da diqqət çəkib:
“Hazırda həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan üçün Rusiya təhlükəsi mövcuddur. Bu dövlətlər Rusiyanın işğalçılıq niyyətlərinə qarşı özlərini qorumaq üçün əməkdaşlıq yollarını axtarmalıdırlar. Amma Gürcüstan Abxaziya və Cənubi Osetiya məsələsinə görə ehtiyatlı davranır və hələ də nəticə əldə edə bilməyib”.
Ekspertin qənaətincə, Türkiyənin Gürcüstanda böyük həcmdə investisiya qoyması Rusiyanın maraqlarına tam uyğun gəlməsə də, bu hal hələlik onun üçün kritik səviyyədə narahatlıq doğurmur. Hazırda həm Rusiya, həm də İran üçün əsas həssas məqam Zəngəzur dəhlizidir. İran bu layihəyə ilk gündən etiraz edir, Rusiya isə hələ də konkret mövqe ortaya qoymayıb.
“Putin açıq şəkildə bəyan edib ki, onun əsas məqsədi keçmiş rus torpaqlarını birləşdirmək və inkişaf etdirməkdir. Bu səbəbdən, həmin ölkələr müstəqilliklərini və dövlətçiliklərini qorumaq üçün ilk növbədə hərbi əməkdaşlığı gücləndirməli, təhlükəsizlik sahəsində daha sıx koordinasiya qurmalıdırlar. Əks halda, onları ciddi təhlükələr gözləyə bilər”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Azərbaycan və Gürcüstanla formalaşdırılan üçtərəfli mexanizmlər vasitəsilə regionda sülhə və əməkdaşlığa, xüsusilə də xarici siyasət və təhlükəsizlik sahəsində mühüm töhfələr verilir. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Gürcüstan formatında qurulan bu mexanizm regional proseslərdə əhəmiyyətli rol oynayacaq.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Politoloq,TAG,Hərbi əməkdaşlıq,Todaypress.tv,
