Trampın yeni siyasi gedişləri: Sülhü “öz ayağına yazır”!
Təhlil
16.07.2025 16:47
“ABŞ Prezidenti Donald Trampın "Daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan" ifadəsi ilk növbədə onun xarici siyasətdə “problem həll edən lider” imicini möhkəmləndirmək cəhdidir. O, Ermənistan-Azərbaycan münaqişəsindəki sülhü öz diplomatik uğuru kimi göstərmək istəyir”.
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Trampın prezidentliyi dövründə ABŞ-nin bu münaqişədə aktiv vasitəçi kimi çıxış etmədiyini vurğulayıb:
“2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsi zamanı Vaşinqton kifayət qədər passiv mövqe sərgilədi. Tramp administrasiyası daha çox daxili seçki gündəminə fokuslanmışdı. Buna baxmayaraq, atəşkəsə çağırışlar və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mizoyan arasında Vaşinqtonda keçirilən qısa görüş Trampın gündəmində yer aldı. O, bu cüzi diplomatik cəhdləri şişirdərək böyük uğur kimi təqdim edir. Əslində isə əsas vasitəçilik xüsusilə 10 noyabr üçtərəfli Bəyanatında Rusiyanın üzərində idi. Trampın dediyi “uğurlu həll” onun üçün daha çox ictimaiyyət qarşısında “biz bu işi də həll etdik” demək üçün bir fürsətdir”.
Siyasətçi, həmçinin Trampın NATO kontekstində bu bəyanatı verərək həm də Avropaya mesaj ötürdüyünü düşünür:
“ABŞ hələ də bölgədə təsir sahibidir. Trampın bu yanaşması siyasətdən çox piar addımıdır. Onun real təsir imkanları məhdud olub. Lakin bu ritorika seçki kampaniyasında istifadə ediləcək populist tezislərdən biridir. Tramp bölgə reallıqlarını yox, seçici gözləntilərini əsas götürür. Azərbaycanın diplomatik uğuru isə öz gücü ilə inkişaf edib”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasındakı münaqişənin tezliklə “uğurla həll ediləcəyini” bildirib. O, NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib ki, Vaşinqton daha bir məsələni - Ermənistan və Azərbaycan arasındakı qarşıdurmanı həll edib.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Tramp,Sülh,Todaypress.tv,
