"Sputnik Azərbaycan" əməliyyatı: Təhdidlərə ŞİLLƏ!
Təhlil
01.07.2025 16:59
“Azərbaycan informasiya məkanında qeyri-qanuni fəaliyyət göstərən, dövlətin informasiya təhlükəsizliyini pozan bütün subyektlər mütləq aşkar edilməli və qanun çərçivəsində cəzalandırılmalıdır”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən bildirib.
Deputat "Sputnik Azərbaycan"a qarşı həyata keçirilən əməliyyatı haqlı və yerində atılan addım kimi qiymətləndirib.
“Bizim fiziki vətənimiz olduğu kimi, informasiya vətənimiz də var. Həmin informasiya məkanında onun mənafelərini pozan, media fəaliyyəti adı altında başqa məqsədlərə xidmət edən bütün subyektlər məsuliyyət daşımalıdırlar. "Sputnik Azərbaycan" bu məsuliyyətdən yayınaraq başqa məqsədlərə xidmət edir. Yerində olan bu əməliyyat məncə, ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Qeyd edək ki, iyunun 30-da keçirilən əməliyyat zamanı qurumun iki əməkdaşı, baş redaktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. DİN-in rəsmi açıqlamasına görə, əməliyyat “agentliyin akkreditasiyasının ləğv olunmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı” əsasında aparılıb.
Bildirilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 nəfər saxlanılıb. Onlardan 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Rusiya,Todaypress.tv,
