“Avropa ABŞ-dən yardım istəyir” – politoloqdan AÇIQLAMA
Təhlil
08.09.2025 17:34
“Avropa liderlərinin ABŞ-yə səfəri bir daha göstərir ki, Avropa ABŞ-dən asılı vəziyyətdədir”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun fikrincə, Avropa liderlərinin yenidən ABŞ-yə səfəri Avropanın öz təhlükəsizlik təminatında ciddi problemlərinin olduğunu göstərir. Yəni Avropa öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir və buna görə də Rusiya təhdidi qarşısında ABŞ-yə sığınmaq istəyir. Onun sözlərinə görə, burada Avropanın əsas liderləri iştirak edə bilərlər.
“Son zamanlar Rusiyanın Avropanı təhdid etməsi ilə bağlı bir sıra fikirlər səslənir və müəyyən gözləntilər mövcuddur. Hətta Almaniya, Rusiya ilə bağlı müharibəyə hazırlıq barəsində qərar qəbul edib. Lakin Rusiya tərəfindən Avropa ölkələrinə genişmiqyaslı hücum ehtimalı inandırıcı deyil. Düzdür, Rusiya Baltikyanı ölkələr, Finlandiya və Polşa istiqamətlərindən müəyyən təhlükələr yaradır. Lakin bu, yaxın gələcəkdə genişmiqyaslı hücum üçün əsas vermir”, - deyə analitik vurğulayıb.
Siyasi şərhçi hesab edir ki, Avropa öz təhlükəsizliyini gücləndirməyə məcburdur və bunu həm NATO ilə əməkdaşlığın dərinləşdirilməsi, həm də ABŞ ilə əməkdaşlıq səviyyəsinin artırılması yolu ilə həll etməyi planlaşdırır.
“Sözügedən səfərdə ABŞ-nin Avropanın təhlükəsizliyinə daha ciddi yanaşması və daha çox hərbi dəstək göstərməsi gözlənilir. Hazırda Avropa ABŞ-dən yardım istəyir. Bu isə Avropa Birliyinin dünya siyasətində nə qədər zəif, asılı və xarici təsirlərə açıq vəziyyətdə olduğunu aydın şəkildə ortaya qoyur”, - deyə Z.Əmrəliyev fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Avropa liderləri yaxın günlərdə Vaşinqtona səfər edəcək.
Aysel Mətləb
tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Avropa,Todaypress.tv,
