Yaponiya-Rusiya-Çin: Qlobal güclərin yeni geosiyasi gərginlik ehtimalı
Təhlil
22.10.2025 15:50
Yaponiyanın yeni xarici işlər naziri Toşimitsu Moteqi hökumətin Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyini bildirib.
O, həmçinin Tokionun uzunmüddətli sülh əldə edildikdən sonra Ukraynanın bərpasında iştirak etməyə hazır olduğunu vurğulayıb.
Yaponiyanın bu mövqeyi regiondakı geosiyasi balansı necə dəyişə bilər və Tokio üçün hansı riskləri yarada bilər?
“Şimali Koreyanın etdiyi təhdid dolu bəyanatlar Yaponiyada ciddi narahatlıq doğurur”
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu, tam təbii bir prosesdir:
"Yaponiyanın Ukraynaya dəstəyi davam etdirməsi olduqca təbiidir. Çünki Yaponiya və Rusiya arasında vəziyyət olduqca gərgindir. Bu da onu gərəkdirir ki, rəsmi Tokyo Kiyevə əlindən gələn dəstəyi versin. Yaponiyanın bu məsələdəki mövqeyi gələcəkdə ABŞ ilə münasibətlərin daha da güclənməsinə, eyni zamanda Çinə qarşı münasibətin sərtləşməsinə kömək edəcək amildir. Yaponiya hökuməti ardıcıl şəkildə bəyan edib ki, Çinin Yaponiya sahillərində son zamanlarda həyata keçirdiyi əməliyyatlar, eləcə də Şimali Koreyanın etdiyi təhdid dolu bəyanatlar Yaponiyada ciddi narahatlıq doğurur. Buna görə də həmin bölgədə - yəni Şərq bölgəsində, özünə yaxın olan ərazilərdə ABŞ-nin müttəfiqlərdən ibarət yeni hərbi qanadın yaradılmasını dəstəkləyir".
“Yaponiya hökuməti ABŞ-yə bu məsələdə təzyiqi davam etdirəcək”
Ekspert qeyd edib ki, ABŞ-nin məsələyə baxışı bir qədər fərqlidir:
"Ancaq Donald Tramp buna razı deyil. Trampın əsas məqsədi ABŞ-nin hərbi bazalarının Cənubi Koreya və Yaponiyada, eləcə də Tayvanda gücləndirilməsidir. Buna görə düşünürəm ki, yeni Yaponiya hökuməti ABŞ-yə bu məsələdə təzyiqi davam etdirəcək və Tokyonun Kiyevə dəstək verməsi Rusiyanın müəyyən qədər qıcıqlanmasına səbəb olacaq amildir. Yaxın vaxtlarda Şərq bölgəsində Rusiya, Yaponiya və Çin arasında qarşıdurmanın gərginləşəcəyi ehtimalı var. Ola bilər ki, Rusiya, Çin və Şimali Koreya birlikdə Yaponiya sahillərində yenidən hərbi təlimləri bərpa etsin və bu təlimlər zamanı Yaponiyaya bundan təzyiq vasitəsi kimi istifadə etsin. Bu zaman ehtiyac olacaq ki, ABŞ Yaponiyaya ciddi şəkildə dəstək göstərsin".
Jalə Rövşən
tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Yaponiya,Çin,Todaypress.tv,
