London İrəvanda "bayraq sancdı": Britaniya regionda möhkəmlənir?
Təhlil
05.12.2025 14:21
Böyük Britaniya Ermənistanda ilk müdafiə rezidenti təyin edib. Mayor Tomas Şorland Bolun bu vəzifəyə gətirilməsi Londonun İrəvanla hərbi-müdafiə əməkdaşlığını genişləndirmək niyyətini göstərir.

Ermənistan isə bu addımı müdafiə islahatlarına dəstəyin yeni mərhələsi kimi təqdim edir. Bu, həm də Böyük Britaniyanın regionda təhlükəsizlik dialoqunu gücləndirməyə yönəlmiş siyasi-hərbi mesajı kimi qiymətləndirilir.
Maraqlıdır, Böyük Britaniyanın Ermənistana ilk hərbi attaşe göndərməsi Ermənistanın Qərbə yönəli kursunu nə dərəcədə sürətləndirəcək və bu addım Rusiya–Ermənistan münasibətlərində hansı yeni gərginlikləri yarada bilər? Bəs bu addımın Azərbaycan üçün mümkün nəticələri nələr ola bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Qərb–Rusiya rəqabəti müharibə riskindən müdafiə sənayesi yarışına keçib:

"Bir müddət əvvəl Qərb–Rusiya rəqabətinin regionda müharibə fazasına keçmə riski daha yüksək idi. Bu risk indi daha çox silah təchizatı və müdafiə sənayesində əməkdaşlığın şaxələndirilməsi mərhələsinə keçib. Rəqabətin ağırlıq mərkəzi xüsusilə Böyük Britaniyanın aktivliyi fonunda müdafiə sənayesi müstəvisinə yönəlib".
Onun sözlərinə görə, Rusiya kompromisə hazır deyil:
"Rusiya Prezidenti Putinin müşaviri Yuri Uşakovun “kompromis planının olmadığı” və ABŞ təkliflərinin Moskva üçün qəbuledilməz olması barədə açıqlaması göstərir ki, müharibənin sonlandırılması məsələsində tərəflərin mövqeləri hələ də ziddiyyətlidir. Donald Tramp administrasiyasının biznes yönümlü yanaşması ABŞ-ni münaqişəni tez bitirməyə sövq etsə də, Rusiyaya prosesin uzanması sərf edir: Moskva həm Qərb konsensusunu parçalayır, həm də ABŞ-ni əsas qərbli aktor kimi önə çıxarır. Trampın məsuliyyəti Baydenə yükləməsi və Kiyevin kompromisə getməməkdə günahlandırılması Vaşinqton və Moskvanın müəyyən məqamlarda üst-üstə düşən maraqlarını göstərir".
Politoloq qeyd edib ki, Britaniya Rusiyaya qarşı cəbhəni gücləndirir:

"Bu şəraitdə Böyük Britaniya prosesdə daha aktiv rol alır. London həm Trampın Aİ-ni prosesdən sıxışdırmaq niyyətini görür, həm də Rusiyaya qarşı cəbhəni gücləndirməyə çalışır. Britaniya və Norveçin Arktikada sualtı kritik infrastrukturu qorumaq üçün birgə qüvvə yaratmağa hazırlaşması da Kremlin artan dəniz aktivliyinə cavab addımıdır. Yeni saziş sualtı kabellər və boru kəmərlərinin müdafiəsini hədəfləyir ki, bu obyektlərin sıradan çıxması Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdiddir".
Analitik hesab edir ki, müharibədən sonra Avropa yeni enerji arxitekturası qurmaq və asılılığı azaltmaq üçün yeni mənbələr axtarır. Qara dənizdə yaşananlar göstərir ki, enerji təhlükəsizliyi artıq “sualtı müstəviyə” keçir. Dənizdə külək enerjisi üzrə dünyada ikinci olan Azərbaycan bu baxımdan xüsusi tərəfdaşdır. Böyük Britaniya ilə 30 illik enerji-investisiya əməkdaşlığı və “yaşıl enerji” gündəliyi bu kontekstdə strateji əhəmiyyət daşıyır.
O, həmçinin vurğulayıb ki, Qərb–Cənubi Qafqaz xəttində, xüsusən də Qərb–Azərbaycan istiqamətində canlanma müşahidə olunur. Böyük Britaniya və Aİ-nin yanaşmaları fərqlidir: London Aİ-nin “Security Action for Europe” fonduna qoşulmaq barədə razılığa gəlmədi. Transxəzər layihəsi üzrə ABŞ-ın aktivliyi isə Aİ-ni tələsdirib.
Şəbnəm Həsənova əlavə edib ki, Britaniya regionla təhlükəsizlik əməkdaşlığını gücləndirərək yeni strateji mərhələ açır:

"Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu ləğv etməklə regionun təhlükəsizlik dinamikasına yeni mərhələ açdı. Müdafiə sənayesinin qlobal dəyəri və texnoloji yarışın sürətlənməsi fonunda Azərbaycan da öz müdafiə sənayesini gücləndirir və cəlbedici tərəfdaş kimi formalaşır.
Londondan əvvəlcə Azərbaycana, indi isə Ermənistana müdafiə attaşesi təyin edilməsi Böyük Britaniyanın regionda münasibətləri strateji səviyyəyə yüksəltmək niyyətinin göstəricisidir. Yaxın perspektivdə təhlükəsizlik və müdafiə üzrə regional nazirlər formatında görüşün keçirilməsi də mümkündür. Prezident İlham Əliyevin dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul etməsi bu istiqamətdə qarşılıqlı siyasi iradəni təsdiqləyir".
Analitik sonda diqqətə çatdırıb ki, Ermənistan Rusiyadan asılılığını azaltmaq və siyasətini diversifikasiya etmək xəttini sürətləndirir. Onun proqnozlarına görə, bu addımlar seçki dövründə riskli olsa da, Qərbə inteqrasiya prosesini gücləndirə bilər. Seçkidən sonra KTMT-dən çıxmaq da gündəmə gələ bilər. Lakin bu prosesin regional sabitliyi pozmaması üçün həssas və ölçülü qərarlar vacibdir.
Jalə Rövşən
tag: Şəbnəm Həsənova,Politoloq,Ermənistan,Britaniya,Todaypress.tv,
