ABŞ-nin Venesuela planının arxasında hansı məqsədlər yatır? - Ekspert açıqladı

Təhlil

11.10.2025 15:15

Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada bildirib ki, ABŞ ölkəsini müstəmləkəyə çevirmək niyyətindədir və bunun üçün 2025-ci ildə hərəkətə keçə bilər.

Diplomatın sözlərinə görə, Vaşinqtonun planlaşdırdığı addımların narkotiklərlə heç bir əlaqəsi yoxdur və məqsəd Venesuelanı işğal etməkdir.

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Zeynal Əmrəliyev qeyd edib ki, hazırda Venesuela neft ehtiyatlarına görə dünyada birinci yerdədir. Bu da təbii ki, müxtəlif qrupların, o cümlədən ABŞ-nin marağını cəlb edir.

Ekspertin sözlərinə görə, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Venesuelaya olan marağı daha da artıb:

“Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə əməliyyat keçirmək niyyətində olduğunu bildirib. Doğrudur, Latın Amerikasında, o cümlədən Venesuela, Kolumbiya və Argentinada narkotik qaçaqmalçılığı geniş yayılıb. Ancaq ABŞ-nin məqsədinin yalnız bu olduğu bir qədər şübhəlidir”.

O bildirib ki, ABŞ burada tamam başqa məqsəd güdür:

"ABŞ-nin əsas məqsədi narkotik qaçaqmalçılığına son qoymaq deyil, solçu Maduro hakimiyyətini devirmək və özünə sadiq bir hökuməti hakimiyyətə gətirərək neft mədənləri üzərində nəzarəti bərpa etməkdir".

Analitik hücumun hansı istiqamətdə baş verə biləcəyi ehtimalını proqnozlaşdırıb:

“Düşünürəm ki, böyük ehtimalla, ABŞ Venesuelaya quru əməliyyatı həyata keçirəcək. İlk mərhələdə Maduronu geri çəkmək üçün havadan müəyyən hücumlar ola bilər. Lakin ABŞ hələlik quru əməliyyatına tələsmir, çünki İranla bağlı məsələlər gündəmdədir. Əgər ABŞ Tehranla bağlı istədiyinə nail olsa, Venesuelaya müdaxilə aktivləşə bilər”.

Ekspert əlavə edib ki, Maduronun ölkə daxilindəki nüfuzu xeyli azalıb, orduda ciddi gərginlik və zəifləmə müşahidə olunur:

“Maduronun orduda çoxlu sayda təcrübəli zabit və generalları həbs etdirməsi vəziyyəti daha da pisləşdirib. Bu səbəbdən ABŞ-yə ciddi müqavimət göstəriləcəyini düşünmürəm. Əgər bu plan Uqo Çavesin hakimiyyəti dövründə gündəmə gəlsəydi, ABŞ üçün vəziyyət xeyli çətin olardı. Ancaq hazırkı şəraitdə belə deyil”.

Jalə Rövşən 

TodayPress TV


tag: Zeynal Əmirəliyev,Politoloq,ABŞ,Venesuela,Todaypress.tv,

photo