Vahid sanksiya cəbhəsi formalaşdırılır: Hədəf Hindistandır!
Təhlil
01.09.2025 12:45
"ABŞ və Qərbin sanksiyaları Hindistan üçün ağır nəticələrə yol aça bilər".
Siyasi analitik Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Hindistan artıq ABŞ-nin hədəf dairəsinə daxil olmağa başlayıb:
"Rusiya Alyaska görüşündə əldə olunmuş razılaşmaları kobud şəkildə pozduqdan sonra ABŞ Prezidenti Donald Trampın adminstrasiyası rəsmi Kremlə qarşı sərt sanksiyalar tətbiq etmək niyyətini bəyan edib. Prezident Tramp isə avqustun 22-də Rusiyaya yenidən iki həftəlik vaxt verdiyini açıqladı. Əgər bu müddət ərzində Moskva sülh razılaşmasına və ya atəşkəsə razılıq verməsə, ABŞ Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcək.
Tramp, həmçinin bildirib ki, yeni sanksiyalar təkcə Rusiyanı deyil, onunla iqtisadi-ticari əlaqələri olan ölkələri də əhatə edəcək. Bu sırada Rusiyanın ən yaxın tərəfdaşlarından biri olan Hindistan ön plana çıxır. Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəyi halda Hindistana qarşı da analoji addımların atılması istisna deyil".
Ekspert ABŞ-nin Avropa İttifaqını da Hindistana qarşı sanksiyalara qoşulmağa çağırmasından bəhs edib.
Onun sözlərinə görə, məqsəd Rusiyaya və onun tərəfdaşlarına qarşı vahid sanksiya cəbhəsi formalaşdırmaq, nəticədə Moskvanı iqtisadi blokada vəziyyətinə salmaq və sülh danışıqlarına məcbur etməkdir.
"Bütün bunlar Hindistan üçün də ciddi problemlərin yaranacağı ehtimalını gücləndirir. Son vaxtlar Qərb-Hindistan münasibətlərində gərginlik artmaqdadır. Əvvəllər ABŞ Hindistanı bir sıra istiqamətlərdə dəstəkləyirdisə, indi Hindistanın Rusiyaya yönəlik mövqeyi Vaşinqtonu fərqli qərarlar qəbul etməyə məcbur edə bilər. Bu isə Hindistan üçün ağır nəticələrə yol aça biləcək yeni siyasi və iqtisadi vəziyyət formalaşdıracaq", - deyə E.Xalidbəyli fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ Avropa ölkələrini Hindistana ABŞ sanksiyalarına bənzər sanksiyalar tətbiq etməyə, o cümlədən neft və qaz tədarükünü tamamilə dayandırmağa çağırıb.
Bu, Hindistanın Baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencin şəhərində keçirilən sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə səmimi görüşündən sonraya təsadüf edib.
Məlumata əsasən, ABŞ-nin əsas məqsədi Hindistanın Rusiya ilə enerji əməkdaşlığını məhdudlaşdırmaqdır. Son illərdə Hindistan Rusiyadan rekord həcmdə xam neft idxal edib və bu, Qərbin tətbiq etdiyi sanksiyaların təsirini xeyli zəiflədib.
Qiymət Mahir
tag: Hindistan,Açıqlama,Tramp,Sanksiya,Todaypress.tv,