“Artıq bu dövlətlər Moskvanın zəngi ilə idarə olunmur!” - Olena Kurbanovanın RƏYİ

Təhlil

02.09.2025 15:17

“Son illərdə Ukrayna–Azərbaycan münasibətləri fəal inkişaf edib. Ukrayna müharibəsinin ilk günlərindən Azərbaycan prinsipial mövqe nümayiş etdirib, Rusiyanı dəstəkləməyib və Ukraynaya humanitar yardım göstərib".

Ukraynalı jurnalist Olena Kurbanova bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, bu səbəbdən Azərbaycanla dürüst münasibətlər qurmağın asan olduğunu vurğulayıb:   

"Bunu vurğulamaq xüsusilə vacibdir, çünki bu günə qədər Rusiyanın təsir orbitində qalan bir çox postsovet ölkələri sanki mövcud deyilmiş kimi davranır – nə danışır, nə addım atır, nə də baş verənləri görürlər. Amma Azərbaycanla vəziyyət tamamilə fərqli oldu. Bizə energetikamızı bərpa etmək lazım idi. Rusiya raket zərbələri ilə energetika sistemimizi dağıtdıqdan sonra (2022-ci ildən başlayaraq) bizə heç kim kömək etmədi. Ancaq Azərbaycan vasitəsilə çox şeyi əldə edə bildik. İşıqlarımızı geri qaytarmaqda Azərbaycanın rolu böyük oldu.

Ukrayna bu illər ərzində silah, sursat və əlavə hərbi vasitələr axtarırdı ki, Rusiyanın hücumunu dəf edə bilsin. Rusiya isə əksinə, bu əməliyyatları davam etdirmək üçün çalışırdı. Belə bir şəraitdə düşmənimizə dəstək verilməməsi də çox vacib idi. Çünki həmişə belə bir risk var idi ki, ikinci və ya üçüncü Belarus meydana çıxa, ərazisini, ordusunu, hərbi istehsalını Rusiyana ixtiyarına verə bilər". 

"Düşmənin tərəfini tutmamaq da yardımdır" 

"Unutmamalıyıq ki, düşmənin tərəfini tutmamaq da yardımın bir formasıdır. Çünki biz torpaqlarımızı 50–100 il minalardan təmizləməli olacağıq və bu prosesi indi başlamaq inanılmaz dərəcədə vacibdir", - deyə O.Kurbanova qeyd edib.

"Yeni regional ittifaqların vaxtıdır" 

2024-cü ildə Rusiya ilə Azərbaycanın münasibətlərində yeni mərhələ başlanmasından bəhs edən jurnalist Rusiyanın bunu həzm edə bilmədiyini deyib:   

"Biz bir çox başqa ölkələr kimi səmimi şəkildə sevindik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Rusiyanın planları tamam fərqli idi – ona həmişə işğal olunmuş, parçalanmış ərazilər lazımdır. Çünki başqa cür Azərbaycana təsir edə bilməyəcəyini yaxşı anlayırdı. Ona görə də uzun müddət Qarabağda qalacaqlarını düşündülər, amma oradan mərhələli şəkildə çıxmağa məcbur oldular. Sülhməramlılara da gözlənildiyindən daha tez “sağ olun” deyildi.

Sonra Azərbaycanın sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması baş verdi. Mənim üçün bu, tamamilə qəsdən edilmiş hücum idi. Çünki Rusiya hərbçiləri üçün hara atdıqları, kimi öldürdükləri fərq etmir. Amma cavabdehlik götürmək istəmirlər, çünki özlərini “böyük imperiya” hesab edirlər.

Ukrayna bu gün yalnız öz maraqları və prioritetləri ilə yaşayır. Bu, çox vacibdir. Çünki ətrafımızdakı bir çox ölkələr hələ də kiminsə peyki, kiminsə əlaltısıdır. Onlar heç kimdən üzr istəmir, heç nəyi etiraf etmirlər, hər kəsi ikinci dərəcəli sayırlar. Amma artıq Moskva zəngi ilə idarə oluna bilməyən dövlətlər var. Məsələn, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan. Bu prosesi dayandırmaq mümkün olmayacaq". 

"Sabah bu əl daha güclü sıxılacaq"

Ukraynalı jurnalist Azərbaycan və Ukraynanın bir-birinə daha çox dəstək olmalı olduğunu düşünür:

"Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə tarixi reallıqları etiraf edir: Ukrayna da, Azərbaycan da Sovet İttifaqının tərkibində işğal altında idi. Rusiya isə həmin imperiyanın varisi olduğunu özü də Konstitusiyasında təsdiqləyib. Deməli, bu gün də həmin işğala görə məsuliyyət daşıyır. Rusiyanın hazırkı siyasəti göstərir ki, o, keçmişdə olduğu kimi indi də işğalçıdır.

Azərbaycan isə bu gün təkcə müstəqil və güclü regional dövlət kimi meydana çıxmır, həm də enerji bazarında Rusiyanın yerini almaq gücünə sahibdir. Biz də bunu səmimi şəkildə dəstəkləyirik. Çünki Azərbaycanla artıq öz müqavilələrimiz, əməkdaşlığımız mövcuddur. Biz qazımızın nəql edilməsi üçün öz qaz nəqli sistemimizi də təklif etmişdik.

Amma son həftələr Rusiya məhz Odessa vilayətində Azərbaycan biznesinə məxsus obyektləri bombalayır. Heç bir şübhə yoxdur ki, bu, məqsədli şəkildə, həm Bakıya, həm də Kiyevə qarşı eyni vaxtda təzyiq yaratmaq üçün edilir. Ona görə də ən düzgün və güclü cavab Moskva qarşısında birgə dayanmaq, daha sıx əməkdaşlıq etmək, bir-birimizə daha çox dəstək olmaqdır. Məncə, hazırda bu proses baş verir. Ukrayna Prezidenti Volodimir Zelenski də Bakı ilə əlaqələrin möhkəmlənməsi üçün çox çalışır. Biz Rusiyanın yerini tutmaq istəmirik. Məqsədimiz gözəl, bərabərhüquqlu münasibətlər qurmaqdır. Azərbaycan və azərbaycanlılar bizə inanılmaz dərəcədə çox humanitar yardım ediblər. Türkiyə bizə yaxın olduğu kimi, azərbaycanlılar da bizim üçün çox doğmadır".

Olena Kurbanova həmçinin bir çox ölkənin artıq Moskvanın təzyiqini üzərlərində hiss etmədiyini vurğulayıb. Deməli, yeni regional ittifaqlar və tərəfdaşlıqlar qurmağın vaxtıdır. O inanır ki, bu gün müharibə zamanı Azərbaycan Ukraynaya əl uzadırsa, sabah sülh dövründə bu əl daha da güclü sıxılacaq. Çünki bir-birimizə təklif edə biləcəyimiz çox şey var.  

Qiymət Mahir

tag: Olena Kurbanova,Ukraynalı jurnalist,Rusiya,Ukrayna,Azərbaycan,Todaypress.tv,