"Rusiya yeni düşmən axtarır, Azərbaycan isə..." – Ramiz Yunus Yekaterinburqda baş verənlərdən danışdı

Təhlil

28.06.2025 16:40

“Yekaterinburqda və Rusiyanın digər şəhərlərində baş verən hadisələr açıq şəkildə göstərir ki, bu ölkə şovinizmə və milli mənsubiyyətə görə açıq ayrı-seçkiliyə doğru sürüklənir”. 

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, miqrantlara və qeyri-rus xalqlara qarşı təzyiqlər spontan deyil, "yuxarı"dan idarə olunan bir prosesdir. 

“İnsanları şantaj edir, törətmədikləri cinayətlərdə ittiham edirlər, yaxınlarına hədə-qorxu gəlirlər, Ukraynaya qarşı müharibəyə getməyə məcbur edilirlər. Vəd edilən kompensasiyalar ödənilmir. Ardınca yenə cəbhə, yenə şantaj.

Rusiyada yaşayan müsəlmanlar isə artıq hədəfə çevriliblər. Kremlin nəzarətində olan media orqanlarının illərlə qızışdırdığı islamofobiya indi açıq-aşkar alovlanır. Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov kimi təbliğatçılar öz “zəhərli çıxışları” ilə Azərbaycana qarşı nifrət aşılayırlar və heç kim onları dayandırmır. Bu, sadəcə ritorika deyil. Bu, Kremlin yeni dövlət siyasətidir və bu siyasət Azərbaycanla Rusiya arasındakı onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirə bilər”.

Politoloq vurğulayıb ki, Kreml Rusiya tərəfindən Azərbaycanın mülki sərnişin təyyarəsinin Qroznıya yaxınlaşarkən vurulması faciəsini unutmamalıdır. Moskvanın bu mövzuda susqunluğu sadəcə utancvericidir. Rusiya bu cinayətə görə rəsmi üzr istəməyincə, kompensasiya ödəməyincə və günahkarları cəzalandırmayınca, Azərbaycan bu məsələni beynəlxalq arenada gündəmdə saxlayacaq.

O hesab edir ki, son kiberhücum, azərbaycanlı deputat Azər Badamovun Həştərxana buraxılmaması bir zəncirin həlqələridir və Rusiya artıq öz həqiqi sifətini gizlədə bilmir. 

“Moskva Rusiya-Ukrayna cəbhəsində uğursuzluq yaşadıqca, qonşularında yeni düşmənlər axtarır. Məhz buna görə də Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək istəyir, Ermənistanda revanşizmi yenidən alovlandırmaq üçün rusiyayönümlü təsir agentləri vasitəsilə təzyiqlər göstərir. Rusiya Prezidentinin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı səsləndirdiyi “rus əsgərinin çəkməsi” ilə bağlı sitat isə Kremlin imperialist dişlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Əgər Rusiyada Azərbaycan və postsovet məkanındakı xalqların bunu görmədiyini düşünürlərsə, böyük səhv edirlər”.

Analitik diqqətə çatdırıb ki, artıq zaman dəyişib. Azərbaycan və onun cəmiyyəti yaxın tarixdən dərs çıxarıb və artıq heç vaxt keçmişə qayıtmağa imkan verilməyəcək. Bu gün Azərbaycan cəmiyyətinin güclü konsolidasiyası buna ən bariz sübutdur.

Rusiya və onun rəhbərliyinə gəlincə isə, politoloqun fikrincə, onlar anlamalıdırlar ki, əsəblərini göstərmək və acizliklərini nümayiş etdirməyin vaxtı keçib. Keçmiş imperiya dövrünə qayıdış mümkün deyil. Kremlin bu gün bəslədiyi şovinizm və qeyri-rus millətlərə qarşı diskriminasiya siyasəti Rusiyanın özü üçün də proqnozlaşdırılması çətin nəticələrə səbəb ola bilər.

“Kreml bu reallığı dərk etməyincə, nə Azərbaycanla, nə də postsovet məkanındakı digər ölkələrlə münasibətlərdə müsbət irəliləyiş gözləməyə dəyər. Bütün keçmiş SSRİ xalqlarının öz tarixi yaddaşı var və Kreml, onun bugünkü “rus torpaqlarının toplayıcısı” ilə birlikdə bu yaddaşla hesablaşmalı olacaq. Fransız filozof Jan Jak Russonun da dediyi kimi: “Bütün kinlər acizlikdən doğur”. 

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Töhfə Səməd

tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Rusiya,Todaypress.tv,