Kremlin infrastruktur taktikası: Müharibə "Avropanın damarlarına" yeridilir

Təhlil

19.11.2025 12:40

Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdikcə Kiyevlə əməkdaşlıq edən ölkələrin infrastrukturunu da hədəfə almağa başlayır. Son dövrlərdə səfirliklərə, enerji obyektlərinə, limanlara və Avropa hava məkanına göndərilən dronlara hücumlar bu tendensiyanın tərkib hissəsi kimi dəyərləndirilir. Son olaraq Ukraynaya diplomatik səfərlərin və hərbi yardımın əsas marşrutu olan Polşa dəmir yolunun partladılması risklərin daha da genişləndiyini göstərir. Bu fonda regionda nəqliyyat və enerji infrastrukturunun təhlükəsizliyini daha da aktuallaşdırır. 


Maraqlıdır, Ukraynaya dəstək verən ölkələrə qarşı infrastruktur hədəflərinə yönələn hücumların intensivləşməsi beynəlxalq təhlükəsizlik arxitekturasında hansı boşluqları üzə çıxarır və bu boşluqları aradan qaldırmaq üçün hansı praktiki mexanizmlər mümkün görünür?

Sözügedən məsələ ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, Rusiya–Ukrayna müharibəsi beynəlxalq nizamı və tranzit təhlükəsizliyini riskə atır:


"Təəssüf ki, Rusiya–Ukrayna müharibəsi gündən-günə daha da şiddətlənir və İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemini ciddi şəkildə sarsıdır. Bu proses yalnız qlobal siyasi balansı deyil, həm də infrastruktur və nəqliyyat-tranzit xəttlərinin təhlükəsizliyini artıran risklərlə müşayiət olunur".

Ekspertin fikrincə, etibarlı mexanizmin qurulması çətin məsələdir: 

 "Hazırkı şəraitdə belə böhranların qarşısını etibarlı və davamlı şəkildə ala biləcək mexanizmlərin işlək olacağına ümid etmək çətindir. Çünki demək olar ki, köhnə dünya düzəni artıq dərin şəkildə çökmüş vəziyyətdədir və yeni düzənin formalaşması üçün qlobal təsir gücünə malik dövlətlər arasında konsensus yaranmalıdır. Ya mövcud beynəlxalq sistemi tənzimləyən BMT-nin yenilənmiş formatı ortaya çıxmalıdır, ya da tamamilə yeni bir qurumun yaradılmasına ehtiyac var".

"Əks halda, mövcud xaotik mühit və təhlükəsizlik üçün artan təhdidlər qarşıdakı dövrdə daha da dərinləşəcək"

Onun sözlərinə görə, yaxın aylarda sülh real deyil:


"Növbəti aylarda Rusiya–Ukrayna müstəvisində ciddi sülhün əldə olunması real görünmür; əksinə, münasibətlərin daha da kəskinləşməsi və dünyanın müxtəlif regionlarında oxşar hərbi-siyasi qarşıdurmaların meydana çıxması ehtimalı yüksəlir".

T.Əliyev sonda əlavə edib ki, məhz buna görə də, hazırda beynəlxalq münasibətlər sistemində yaranmış boşluğun qısa zamanda aradan qaldırılması real perspektiv kimi görünmür.

Jalə Rövşən

TodayPress TV


tag: Taleh Əliyev,Siyasi şərhçi,Rusiya,Zərbə,Todaypress.tv,