Ukraynanın siyasi üfüqlərində Zalujnı: Xalq kimi SEÇƏCƏK?

Təhlil

01.12.2025 12:40

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.


“The Times"in ictimai rəy sorğusuna görə isə Ukraynanın sabiq Silahlı Qüvvələr baş komandanı, hazırda isə ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı növbəti seçkilərdə Zelenskini geridə qoya biləcək yeganə namizəd hesab olunur.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra onun Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitim olmasına dair işarələri Rusiya Prezidenti Vladimir Putinin hekayələri ilə oxşarlıq təşkil edib: 


“Trampın Ukrayna Prezidentini “seçkisiz diktator” adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi. Sonradan, xüsusilə də Trampın həm Zelenski ilə “barışıq”, həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı. Bu, müvəqqəti fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb”.


Analitik bildirib ki, korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir, üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-nin artan təzyiqləri ilə üzləşir. Ekspertin qənaətincə, bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhləni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür. 

“Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması üçün yeni prezidentə ehtiyac duyur. Burada Ukraynanın silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnının adının hallanması təsadüfi deyil. Zalujnının Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu bundan əvvəl də dəfələrlə təkrarlanıb”. 

A.Kərimov Zalujnının də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verdiyini diqqətə çatdırıb:


“Bu günlərdə “Telegraph” nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujnı bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edərək yazır: “Sülh, hətta növbəti müharibə ərəfəsində belə, siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans verir”. 

Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və Zelenski Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujnının parlayacağı gün uzaqda görünmür”.

Qiymət Mahir

TodayPress TV

tag: Aqşin Kərimov,Politoloq,Ukrayna,Zalujni,Todaypress.tv,