3 ildə 7-ci səfər: Türk dünyasını birləşdirən əməkdaşlıq
Təhlil
21.10.2025 14:42
"Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Mədəni, tarixi və dil bağları olan iki qardaş ölkə bütün dövrlərdə bir-birinə yaxın münasibətləri ilə seçiliblər".

Siyasi məsələlər üzrə ekspert Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.

O, tərəflər arasındakı siyasi dialoqdan bəhs edib:
“Azərbaycan Prezidenti İlham Əliyevin “Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir” deməsi də iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Azərbaycan və Qazaxıstan arasında “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” müqavilə mövcuddur və hər iki ölkə üçün əsas hüquqi baza rolunu oynayır. 2024-cü ilin mart ayında iki ölkə arasında “Ali Dövlətlərarası Şura”nın ilk iclası keçirilib. Tərəflər arasında dərin siyasi dialoq mövcuddur, həmçinin əməkdaşlığın inkişafı istiqamətində çoxsaylı səfərlər və beynəlxalq platformalarda qarşılıqlı görüşlər davam etdirilir”.

Ekpsert əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir və hər il əhəmiyyətli dərəcədə yüksəlir:
“Xüsusilə energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişlənir. Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə tranzit imkanları artırılır. Qazaxıstan neftinin Avropa ölkələrinə çatdırılmasında Azərbaycanın rolu mühüm əhəmiyyət daşıyır və bu, iki ölkə arasında tranzit əlaqələrinin genişlənməsinə şərait yaradır. Ticarət dövriyyəsinə ərzaq məhsulları, metal, buğda və digər strateji malların satışı daxildir. Eyni zamanda, ölkələr arasında mədəniyyət, təhsil və elmi tədqiqat sahələrində əməkdaşlıq dərinləşir; universitetlər arasında anlaşmalar, tələbə mübadiləsi və mədəni tədbirlərin təşkili həyata keçirilir.
Bu baxımdan dövlət başçılarının səfərlərini yalnız protokol xarakterli hesab etmək düzgün olmazdı. Bu səfərlərin hər biri strateji əhəmiyyət daşıyır və gələcək əməkdaşlıq perspektivlərini möhkəmləndirir. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin inkişafı baxımından müştərək müəssisələrin yaradılması və çoxistiqamətli layihələrin davamlı şəkildə genişləndirilməsi üçün rəsmi səfərlərin və görüşlərin keçirilməsi mühüm rol oynayır”.

Çingiz Şahbazi sonda diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qazaxıstana səfərini son dərəcə effektiv və səmərəli hesab etmək olar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib. Bu, Prezident İlham Əliyevin son 3 ildə Qazaxıstana 7-ci səfəridir.
Qiymət Mahir
tag: Azərbaycan,Qazaxıstan ,İlham Əliyev,Siyasət,Todaypress.tv,
