ABŞ-nin Suriya ilə bağlı gözlənilməz qərarı: Yeni başlanğıc yoxsa…
“ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməsinə görə rəsmi Dəməşq Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğana minnətdar olmalıdır”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, bu addım Suriyanın gələcək taleyi üçün həlledici dönüş nöqtəsi sayıla bilər. Bu, həmçinin Suriyanın bərpası üçün uzun müddətdir ölkənin qarşısında duran ən böyük əngəllərdən birinin aradan qaldırılması anlamına gəlir.
“Sanksiyaların ləğvi Suriyaya xarici sərmayə axını üçün əlverişli mühit yarada bilər. Hazırkı mərhələdə rəsmi Dəməşqə investisiya qoyuluşu olduqca vacibdir. Xarici kapital axını ölkənin iqtisadi inkişaf perspektivlərini genişləndirə və bərpa prosesini sürətləndirə bilər. Qərar Suriyanın dirçəlişi üçün dönüş nöqtəsidir və təbii ki, bu addımın Suriya xalqı tərəfindən sevinclə qarşılanması tamamilə başa düşüləndir”.
Analitik hesab edir ki, bu mühüm qərarın verilməsində təkcə Tramp yox, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın israrlı diplomatik səyləri həlledici rol oynayıb.
“Elə Trampın özü də etiraf etdi ki, bu qərarı verməsində prezident Ərdoğanın dəfələrlə etdiyi xahişlərin və göstərdiyi təşəbbüslərin xüsusi rolu olub. Tramp əvvəllər bu məsələ ilə bağlı tərəddüdlü mövqe sərgiləyirdi, lakin Ərdoğanın qətiyyəti və ikitərəfli münasibətlərdəki yaxınlıq bu qərarın reallaşmasına təkan verdi. Həmçinin hazırkı mərhələdə Suriyanın dirçəlişi təkcə regional deyil, həm də qlobal təhlükəsizlik baxımından da önəmli məsələdir. ABŞ-Türkiyə əməkdaşlığı bu istiqamətdə yeni ümidlər yaradır”.
Ekspertin fikrincə, bu, Suriya üçün sadəcə iqtisadi fürsət deyil, eyni zamanda siyasi sabitlik və beynəlxalq legitimliyin təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır.
Əgər Suriyanın müvəqqəti hökuməti bu tarixi fürsətdən düzgün şəkildə istifadə edə bilsə, ölkənin xilas olunması real bir perspektivə çevrilə bilər. Bu addım Suriyanın beynəlxalq birliklə yenidən münasibətlər qurmasına, sosial vəziyyətin yaxşılaşmasına və daxili sabitliyin bərpasına xidmət edəcək.
Qeyd edək ki, Ağ Ev lideri Donald Trampın açıqlamasına əsasən, ABŞ yeni bir başlanğıc üçün Suriyaya qarşı sanksiyaları ləğv edəcək.
Töhfə Səməd
tag: Elçin Xalidbəyli,Politoloq,ABŞ,Suriya,Todaypress.az,
