Çinin Amerikanın sanksiyalarından qorunmaq üçün bir yolu var – RƏY
Təhlil
05.06.2025 16:02
“Çin ABŞ-nin göstərişlərinə əməl etməyəcək”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.
O, ABŞ-nin Respublikaçılar partiyasından senator Lindsi Qremin Çinə təklifindən bəhs edib:
“Dünyanın elə bir dövrü gəlib ki, bütün dövlətlər öz mənafeləri naminə edə biləcəklərində sərhəd tanımır. ABŞ-nin dünyaya demokratiya dərsi verən adminstrasiyasının son dövrlər etdikləri göz önündədir. İşğalçı ilə işğala uğrayana fərqin qoyulmaması ABŞ demokratiyasının təzadlı üzüdür. ABŞ-Çin münasibətlərinin gərgin dövründə Lindsi Qremin yenə də özünü ikiüzlü aparması təəssüf doğurur. Məsələ ondadır ki, Çinin ABŞ-nin göstərişlərinə əməl etməyəcəyi aydındır, amma ABŞ rəsmiləri yenə də özlərini hamıdan üstün tutmağa, qarşılarındakına ağıl öyrətməyə davam edirlər”.
Ekspert Çinin Rusiyaya qarşı addım atacağının mümkünsüzlüyünü ifadə edib:
“Bu, tək Rusiya ilə deyil, Çinin öz təhlükəsizliyi ilə əlaqəli məsələdir. Çin də ABŞ-nin necə dövlət olduğunu, Rusiya ilə Çinin arasını vurandan sonra növbənin Çinə çatacağını yaxşı bilir. Ona görə də ABŞ-nin planları baş tutmayacaq. Ukraynaya yardım məsələsində ABŞ prezidenti Donald Trampın oynadığı oyunlar göz önündədir. Edilən yardımların belə haqq-hesabını istəyən ABŞ-nin istəyi olsa, Ukraynaya o dərəcədə yardım edər ki, bu, Rusiyanı iki dəfə məğlub etməyə bəs edər, amma etmir”.
A.Qasımov Çinin ABŞ-nin oyunlarına alət olmayacağını düşünür:
“Çin Baltanı öz ayağına vurmaz”.
Qeyd edək ki, ABŞ-nin Respublikaçılar partiyasından senator Lindsi Qrem bildirib ki, Çin Amerikanın sanksiyalarından qaçmaq istəyirsə, Ukraynaya hərbi və iqtisadi yardım etməlidir. Qrem bildirib ki, Çin Ukraynaya kömək etsə, güzəştlər əldə edə bilər.
Qiymət Mahir
tag: Çin,ABŞ,Sanskiya,Rusiya,todaypress.tv,
