Marian Duris: “Cənubi Qafqazda əməkdaşlıq üçün imkanlar çoxdur” - “Xaricdən Baxış”
Təhlil
02.06.2025 16:49
“Cənubi Qafqaz regionu ilə güclü münasibətlər qurmaq geosiyasi baxımdan olduqca önəmlidir, lakin bu əməkdaşlıq yalnız müdafiə sahəsi ilə məhdudlaşmamalıdır. Əməkdaşlıq üçün daha çox imkanlar mövcuddur”.
Avropa Parlamentində Slovakiyadan olan müşavir və xarici siyasət üzrə ekspert Marian Duris bunu TodayPress TV-yə açıqlamasında deyib.
Ekspert əlavə edib ki, bir çox hallarda bəyanatlar və əməllər bir-biri ilə üst-üstə düşmür. Buna sübut kimi daxili auditoriya üçün verilən bəyanatların bəzən Avropa Şurasında və ya NATO sammitlərində sərgilənən mövqelərlə ziddiyyət təşkil etməsini göstərmək olar:
“Digər tərəfdən, Aİ və NATO-ya üzvlük, üçüncü ölkələrlə – hətta bu münasibətlər ittifaq daxilində skeptik qarşılanırsa belə – ikitərəfli əməkdaşlığı istisna etmir. Belə hallarda isə hökumət rəhbərlərinin əsas vəzifəsi real strategiyalarını və gələcəkdə hansı istiqamətdə hərəkət etmək istədiklərini aydın şəkildə ortaya qoymaqdır. Avropa İttifaqının mövcud rəhbərliyinin və diplomatiyasının isə sülh prosesləri və danışıqlar sahəsindəki potensialına şübhə ilə yanaşdığına görə təəssüf edirəm. Bunun ən bariz sübutu Ukraynadakı münaqişədir”.
Ekspertin fikrincə, regiondakı bütün ölkələr tərəfdaş kimi dəyərləndirilməlidir və münasibətlərin inkişafı doğru yanaşmadır. Hazırda Slovakiya hökumətinin bütün motivasiyaları məlum olmasa da, müşavir, enerji məsələsini əsas prioritet hesab edir və bu baxımdan Azərbaycanın strateji rolunu xüsusi vurğulayır. Onun qənaətincə, hər şey düzgün və şəffaf kommunikasiya ilə bağlıdır.
Töhfə Səməd
tag: Marian Duris,Ekspert,Cənubi Qafqaz,Slovakiya,Todaypress.tv,