İrəvanın KTMT qərarı niyə gecikir?

Təhlil

27.11.2025 16:24

Ermənistan rəsmi qərar açıqlamasa da, parlament spikeri Alen Simonyan ölkənin KTMT-dən faktiki olaraq ayrıldığını təsdiqləyib. O bildirib ki, İrəvan artıq təşkilatın fəaliyyətində iştirak etmir, formal çıxış qərarı isə siyasi məqsədəuyğunluğa görə gözlədilir.


Qeyd edək ki, Paşinyan 2024-cü ildə KTMT üzvlüyünü “dondurmuş” və geri dönüşün “çətin, hətta mümkün olmadığını” demişdi. Rusiya isə Ermənistanın bu addımını Qərbin təsiri ilə atılmış siyasi qərar kimi qiymətləndirir.   

Maraqlıdır, Ermənistanın KTMT-dən faktiki uzaqlaşması və Rusiyadan asılılığını azaltmaq cəhdləri nə ilə bağlıdır? Paşinyanın qərarı gecikdirməsinin  əsas motivi nədir? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün yeni tədarük marşrutları axtarır:


“Ermənistan–Rusiya münasibətlərinə nəzər saldıqda əlaqələrdə ciddi çatların yarandığı, İrəvanın Moskvadan uzaqlaşmağa çalışdığı açıq şəkildə görünür. Xüsusilə də seçki öncəsi revanşist qrupların təhriki fonunda Baş nazir Nikol Paşinyan bütün prosesləri diqqətlə izləyir və siyasi yaddaşına yazır. Məhz bu səbəbdəndir ki, Ermənistan TRIPP layihəsi vasitəsilə tədarük təhlükəsizliyini möhkəmləndirmək istiqamətində ardıcıl addımlar atır. Rəsmi İrəvan anlayır ki, resurs tədarükü diversifikasiya edilməlidir ki, xarici risklərə qarşı həssaslıq azalsın. Çünki bir istiqamətdən və ya bir aktordan yüksək asılılıq logistika gecikmələrinə, əlavə xərc riskinin artmasına, iqtisadi mühitdəki dəyişikliklərə çevik reaksiya imkanlarının məhdudlaşmasına, siyasi qərarvermədə isə manevr imkanlarının daralmasına səbəb olur”.

Analitik qeyd edib ki, Ermənistan KTMT ilə bağlı qərarını hələlik açıq saxlayır:


“Ermənistanın KTMT-dən dərhal çıxmamasını da böyük ölçüdə qarşıdakı seçkilərlə əlaqələndirmək mümkündür. Paşinyanın Qərbin dəstəyi ilə hakimiyyətə gəldiyi, Qərb təsisatları ilə sıx əlaqələrə malik olduğu sirr deyil. Digər tərəfdən, ölkədəki müxalif və revanşist qüvvələr sülh prosesinə və Paşinyanın siyasətinə qarşı çıxdıqları üçün Moskvanın təsiri altında fəallaşırlar. Paşinyan isə hələlik onların yaratdığı təzyiqi minimum səviyyədə saxlamağa çalışır”.

Onun sözlərinə görə, bu baxımdan, KTMT-dən formal şəkildə çıxmamağın əsas səbəbi seçkilərin nəticələrini gözləmək ola bilər. Həmçinin istisna edilmir ki, seçkilər önə çəkilə bilər. Paşinyanın ilk olaraq seçki prosesini sabit şəkildə başa vurduqdan sonra KTMT ilə bağlı qərarı da rəsmi şəkildə elan edəcəyi ehtimal olunur.

Politoloq sonda vurğulayıb ki, İrəvan yeni siyasi xəttini möhkəmləndirir:

“İqtisadi asılılıq azaldıqca digər strateji addımlar atmaq da daha az riskli olacaq. Bu proses artıq başlanıb və görünən odur ki, Paşinyan bu istiqamətdə addımlarını əvvəlcədən planlaşdırıb. Üstəlik, müasir beynəlxalq münasibətlərdə dövlətlər formal çərçivələrdən çox əməli fəaliyyətə üstünlük verirlər. Bu mənada, real işlək mexanizmlərə malik olmayan KTMT-dən uzaqlaşma Ermənistanın seçdiyi yeni kursla tam uyğun gəlir”. 

Jalə Rövşən

TodayPress TV

tag: Şəbnəm Həsənova,Politoloq,Ermənistan,KTMT,Todaypress.tv,