Ukraynaya Şok Tələb: “Üç Vilayətdən və NATO-dan İmtina Et!” Zelenski razılaşacaq?

Təhlil

21.11.2025 17:03

Ukrayna ABŞ-nin mediada sızdırılan 28 bəndlik sülh planının mühüm hissəsini dəyişdirib: ilkin layihədə nəzərdə tutulan genişmiqyaslı yardım auditləri çıxarılıb və onun əvəzinə müharibə dövründəki addımlara görə tam amnistiya maddəsi əlavə edilib. “Wall Street Journal”ın (WSJ) məlumatına görə, Avropa liderləri paralel olaraq öz sülh təkliflərini formalaşdırır və Kiyevi daha əlverişli variantı dəstəkləməyə razı salmağa çalışırlar. Lakin Ukrayna hələlik heç bir plana dair öhdəlik götürmür. Qeyd edək ki, ABŞ–Rusiya tandemi tərəfindən hazırlandığı iddia edilən ilkin sənəddə Kiyevdən üç vilayətdən və NATO üzvlüyündən imtina, ordunun isə 60% azaldılması tələb olunurdu. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert İlkin Məmmədkərimov bildirib ki, plan Ukraynadan ərazi güzəşti tələb etdiyinə görə Kiyev üçün qəbuledilməzdir:


"Məsələ burasındadır  ki, Birləşmiş Ştatların təklif etdiyi bu “sülh müqaviləsi”nin şərtləri ümumilikdə absurddur. Həmin sənəddə hətta Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması ilə bağlı bəndlər yer alır. Belə bir sənədə Ukraynanın razılıq verməsi, təbii ki, mümkün deyil".

Ekspert hesab edir ki, ABŞ Ukraynanı Rusiyanın şərtlərinə yönəltməyə çalışır, Aİ isə buna qarşıdır:


"Avropa İttifaqı da buna imkan verməz. Çünki ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ və Aİ arasında Ukrayna məsələsində ciddi fikir ayrılığı formalaşıb. Xatırlayırsınızsa, Tramp seçildikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini Oval Ofisdən çıxarmış və açıq şəkildə bildirmişdi ki, o, Rusiyanın tələblərinə uyğun davranmalıdır. İndi də Birləşmiş Ştatlar Ukraynaya təzyiq göstərərək onu Rusiyanın təklif etdiyi sülh planına razı salmağa çalışır. ABŞ Kiyevə demək istəyir ki, çıxış yolun yoxdur və Moskvanın dediklərini qəbul etməlisən, NATO üzvlüyündən isə imtina etməlisən".

İ.Məmmədkərimov,  həmçinin Aİ və NATO seçiminin postsovet ölkələrinin suveren qərarı olduğunu və Rusiyanın buna qarışmağa haqqı olmadığını vurğulayıb: 

"Halbuki istər Ukrayna, istər Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova — bütün postsovet ölkələrinin Aİ-yə və NATO-ya üzvlüyü onların öz müstəqil qərarlarıdır. Bunun üçün Rusiyanın icazəsini almağa və ya onunla məsləhətləşməyə borclu deyillər. Rusiya digər ölkələrin daxili işlərinə müdaxilə edə bilməz. Onsuz da müharibənin başlanması böyük bir absurdluq və mənasızlıq idi".

Onun qənaətincə, digər tərəfdən, Qərb ölkələri Ukraynanı dəstəkləməyə məcburdur. Çünki mövcud vəziyyət birbaşa təhlükə yaradır. Avropa yaxşı anlayır ki, əgər Rusiya bu işğalçı siyasəti dayandırmasa, növbəti hədəf məhz Avropanın özü ola bilər. Məhz buna görə Avropa Birliyi və Böyük Britaniya bu məsələdə ABŞ-dən fərqli mövqe sərgiləyir.

Şərhçi bildirib ki, Avropa Ukraynanı dəstəkləməyə məcburdur:

"ABŞ üçün vəziyyət nisbətən rahatdır — o, okeanın o tayındadır. Amma Avropa Rusiyaya daha yaxındır və təhlükənin özünə yönəldiyini çox yaxşı görür. Buna görə də Ukraynanı dəstəkləməkdən başqa yolu yoxdur".

Ekspert sonda vurğulayıb ki, Ukrayna üçün real və məqbul sülh təklifi ABŞ-nin təqdim etdiyi bu “absurd” variant deyil, Avropa Birliyi və Böyük Britaniyanın üzərində işlədiyi sənəd olacaq. Onun fikrincə, həmin təklif, açıqlanacağı halda, Ukraynanın maraqlarına daha çox uyğun olduğunu görəcəyik.

Jalə Rövşən

TodayPress TV

tag: İlkin Məmmədkərimov,Ekspert,Ukrayna,NATO,Todaypress.tv,