Sabiq səfir: "Vaşinqton görüşü sülh prosesində dönüş nöqtəsi olacaq"

Təhlil

08.08.2025 20:12

"Sülh sazişinin yekunlaşdırılması üçün ABŞ Prezidenti Donald Trampın prosesə birbaşa cəlb olunması olduqca vacib gediş idi".

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, enerji diplomatiyası və Cənubi Qafqaz üzrə ixtisaslaşan tanınmış ekspert Metyu Brayza bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, regiondakı çətin və qarışıq proseslərin həlli üçün dünyanın ən güclü liderindən olan Donald Trampın siyasi dəstəyinə və təşviqinə ehtiyac duyulur.

"Bu gün Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazir Nikol Paşinyanı Ağ Evdə qəbul etməsi sülh prosesində irəliləyişə aparan əhəmiyyətli addımdır. Bu görüşlərin sonunda yekun sülh sazişinin imzalanacağını düşünmürəm. Lakin çərçivə razılaşmasının əldə olunacağına inanıram. Bu sənəd hər iki tərəfin sülhə aparan konkret addımlar atmağa hazır olduğunu nümayiş etdirəcək və yekun sazişin imzalanması üçün zəmin yaradacaq”.

Ekspert mart ayında iki liderin sülh sazişinin yekun mətnini razılaşdırdıqlarını, lakin hələ əsas məsələlərdən birinin qaldığını deyib. Belə ki, hələ də Ermənistan Konstitusiyasında Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması təmin olunmayıb. Onun fikrincə, Ermənistan Konstitusiyasına dəyişiklik Paşinyanın ölkə daxilində ciddi siyasi mübarizə aparmasını tələb edir və bu mübarizədə Trampın dəstəyi həlledici rol oynayacaq.

"Bu gün imzalanması gözlənilən çərçivə sənədi isə sülh sazişinin imzalanmasını asanlaşdıracaq. Bundan əlavə, bu gün Donald Trampla həm İlham Əliyev, həm də Nikol Paşinyan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Bu razılaşmalar iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ABŞ ilə Azərbaycan və Ermənistan arasındakı münasibətləri daha da gücləndirəcək".

O,  həmçinin ABŞ Konqresinin "Azadlığı Müdafiə Aktı"na edilmiş 907-ci düzəlişin ləğvi ehtimalından da söz açıb. Belə ki, Donald Tramp bu düzəlişin birdəfəlik ləğv olunması üçün Respublikaçılar Partiyasının nəzarətində olan Konqresə çağırış edə bilər. 

Bundan başqa, Zəngəzur dəhlizi ilə bağlı da müəyyən razılaşmanın əldə olunacağı gözlənilir. Dəhlizin təhlükəsizlik şirkəti deyil, ABŞ-nin logistika şirkəti tərəfindən idarə olunması nəzərdə tutulur.

Sabiq səfir sonda baş verənləri belə qiymətləndirib: 

“Bu, keçmiş Qarabağ münaqişəsini 25 ildən çox izlədiyim dövrdə ən nikbin andır. Ümid edirəm ki, bu gün baş verənlər yaxın gələcəkdə yekun sülh sazişinin imzalanmasına səbəb olacaq. Əgər çərçivə sazişi düzgün hazırlanarsa, bu, prosesin yekunlaşmasını mümkün edəcək”.

Töhfə Səməd

tag: Sülh sazişi,ABŞ,Azərbaycan,Ermənistan,Todaypress.tv,