Qərb çıxış yolunu Türkiyədə görür: “Türkiyəsiz mümkün deyil...”
Təhlil
27.10.2025 14:29
Sabah Britaniya Baş naziri Starmer, oktyabrın 30-u isə Almaniya Federal Kansleri Fridrix Merts Türkiyəyə səfər edəcək.
Həmçinin sabah Britaniya və Türkiyə arasında 20 Eurofighter təyyarəsinin tədarükü ilə bağlı anlaşma imzalanacaq.
Maraqlıdır, bu, Qərbin Ankaranı yenidən öz təhlükəsizlik arxitekturasına cəlb etmə planının tərkib hissəsi ola bilərmi?
Üstəlik, sözügedən proses Türkiyənin həm NATO, həm də Rusiya ilə münasibətlərinə hansı geosiyasi təsirləri göstərə bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Telman Nüsrətoğlu bildirib ki, Türkiyə Avropanın müdafiə sistemində strateji açar mövqedədir:
"Türkiyə Avropanın təhlükəsizliyi baxımından çox açar bir rola malik ölkədir. Hazırkı Qərb, Avropa İttifaqı-Rusiya qarşıdurması, Rusiyanın Avropa üçün əsas təhlükə mənbəyi halına gəlməsi Avropa İttifaqını daha çox Türkiyə ilə əməkdaşlığa yönəldir".
Analitik əlavə edib ki, Avropanın müdafiə dayağı Türkiyəsiz real deyil:
"Özlərinin hərbi sənaye gücünün artırılması baxımından nə kifayət qədər büdcə ayırmaq, nə də demoqrafik durumları ilə ayaqda tutmaq imkanları var. Avropanın quruluşu, rifah səviyyəsi elədir ki, müdafiə xərclərinin artırılması daxildə böyük problemlər də yarada bilər. Bu baxımdan, ordusu, yeni təhlükəsizlik çətiri və ya yeni müdafiə sənayesi həmləsi Türkiyəsiz mümkün deyil".
Jalə Rövşən
tag: Telman Nüsrətoğlu,Politoloq,Qərb,Türkiyə,Todaypress.tv,
