Ləyaqət, yoxsa tərəfdaşlıq: Zelenski ağır seçim qarşısında..

Təhlil

22.11.2025 13:45

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə yaxın günlərdə çox ağır seçimlə üzləşə bilər. Onun sözlərinə görə, Kiyev ABŞ-nin təqdim etdiyi 28 maddəlik planla qış mövsümündə baş verə biləcək yeni təhlükələr arasında qərar vermək məcburiyyətində qala bilər. Zelenski bunu “ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski” kimi xarakterizə edib. Prezident planın detalları barədə açıqlama verməyib.


Maraqlıdır,  seçim nə olacaq?  Zelenskinin “ləyaqət və tərəfdaşlıq arasında seçim” kimi təqdim etdiyi dilemma Ukraynanın gələcək strateji kursunu necə formalaşdıra bilər və bu qərar ölkənin Qərb ilə münasibətlərini hansı istiqamətə sürükləyə bilər?

 "Bu, əslində, Ukraynanın təslim aktıdır".  

Bunu TodayPress TV-yə mövzu ilə bağlı açıqlamasında siyasi analitik  Abutalıb Səmədov deyib.


Onun sözlərinə görə, Trampın sülh planı Rusiyanın şərtlərinə uyğunlaşdırıldığı üçün ciddi mübahisə doğurur:

"Donald Trampın 28 bəndlik sülh planı Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırılmış bir sənəddir və Rusiyanın tələblərinin demək olar ki, əksəriyyətini əhatə edir".

Ekspert vurğulayıb ki, Zelenski planı qəbul etməyə meyilli deyil:

"Bəs Ukrayna Prezidenti Volodimir Zelenski bu planı qəbul edə biləcəkmi? Təbii ki, ilkin reaksiyalar planın əleyhinədir; həm Zelenski, həm də Avropa liderləri buna qarşı çıxıblar. Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları ultimatum verib: əgər plan noyabrın 27-dək qəbul edilməsə, Ukraynaya yardımlar dayandırılacaq və kəşfiyyat məlumatları verilməyəcək".

Analitik hesab edir ki, tərəfdaş itkisi və korrupsiya ittihamları Zelenskinin mövqeyini ağırlaşdırır:


"Bu, Ukraynanın ən ciddi tərəfdaşlarından birini itirməsi deməkdir ki, bu da bundan sonra torpaqların müdafiəsini çətinləşdirəcək. Zelenskinin ləyaqətini qorumaq şansı varmı? Çox təəssüf ki, belə bir şans yoxdur, çünki Zelenski komandası korrupsiyaya dərindən batıb və son günlər üzə çıxan korrupsiya faktlarının nəticədə Zelenskiyə qədər uzanacağı şübhə doğurmur".

Abutalıb Səmədov,  həmçinin qeyd edib ki, ABŞ yardımı olmadan Ukrayna çıxılmaz vəziyyətə düşür:

"Digər tərəfdən Amerika yardımının kəsilməsi Ukraynanı çıxılmaz vəziyyətlə üz-üzə qoyacaq. Bəs bu şəraitdə Qərb ölkələri Zelenskiyə tələb olunan yardımı göstərə bilərlərmi? Təəssüf ki, yox. Ukraynanın ildə ən azı 120-130 milyard dollar və ya avro məbləğində yardıma ehtiyacı var. Lakin Avropanın belə bir gücü yoxdur".

Şərhçi planın cüzi dəyişikliklərlə qəbul olunmasının mümkünlüyündən bəhs edib: 

"Bu səbəbdən, güman edirəm ki, 28 bəndlik plan cüzi dəyişikliklərə məruz qalaraq Zelenski tərəfindən qəbul ediləcək. Əks halda, Rusiya irəliləyişlər əldə edəcək və Zelenski daha ağır şərtlərlə sülhə getmək məcburiyyətində qalacaq. Yeri gəlmişkən, bundan əvvəl də Zelenskiyə çox əlverişli şərtlər təklif edilmişdi, lakin o, onları qəbul etməmişdi".

Ekspert xatırladıb ki,  2022-ci ildə neytrallığı qəbul etməyən Zelenski, indi xeyli daha geniş ərazi itirmək riski ilə üz-üzədir:

"Təkcə bir faktı xatırlatmaq kifayətdir: 2022-ci il, fevralın 8-də Zelenskidən yeganə tələb neytrallığını elan etməsi idi. Həmin dövrdə Rusiya Donetskin və Luqanskın 30%-nə nəzarət edirdi və həmin ərazilərdən çıxmağa hazır olduğunu bəyan etmişdi. Yəni, yalnız Krımı vermək istəmirdi. Zelenski o vaxt neytrallıq tələbini qəbul etmək istəmədi, indi isə təxminən 100 min kvadrat kilometr ərazini vermək məcburiyyətində qalıb".

Analitik sonda əlavə edib ki, sabahkı şərtlər daha da ağır olacaq. Onun qənaətincə, bunu demək nə qədər ağır olsa da, dövlət rəhbərliyinə layiq olmayan şəxslərin bu cür mövqelərə gəlməsi son nəticədə dövlətin və xalqın faciəsinə səbəb olur. 

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Ekspert,Ukrayna,Zelenski,Todaypress.tv,