Kimyəvi silahlar məsələsi: Rusiya yeni müharibə mərhələsinə keçir?
Təhlil
16.09.2025 17:19
Ukrayna Silahlı Qüvvələrinin bioloji və kimyəvi silahlardan müdafiə idarəsinin rəisi Artem Vlasyuk Rusiya tərəfindən Ukrayna ordusuna qarşı təhlükəli kimyəvi maddələrin tətbiq edildiyini bildirib.
Məlumdur ki, istifadə olunan vasitələr Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyanın birinci maddəsinin beşinci bəndi ilə qadağan edilib, çünki bu cür silahlar müharibə aparma vasitəsi kimi hərbi bölmələrə qarşı istifadə edilə bilməz.
Maraqlıdır, Rusiyanın kimyəvi maddələrdən istifadəsi müharibəni hansı mərhələyə gətirəcək?
Bu barədə Politoloq Rəşad Bayramov TodayPress TV-yə məsələni şərh edərək bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda artıq beynəlxalq məhkəmələrdə bu ölkə ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə bağlı mövcud qərarlar da Rusiyanın müharibə cinayətlərini özündə ehtiva edir.
“Bu məsələ də araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”
“Əvvəllər mülki obyektlərin hədəfə alınması, uşaqların oğurlanması və digər məsələlərlə bağlı konkret cinayət faktları təsbit olunmuş və müvafiq qərarlar qəbul edilmişdi. İndi isə Rusiyanın kimyəvi maddələrdən istifadəsi gündəmə gəlirsə, təbii ki, bu məsələ də araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”, – deyə analitik vurğulayıb.
O bildirir ki, beynəlxalq birliyin bəyanatları, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və beynəlxalq məhkəmələrin qərarları Moskvanı hələlik müharibə cinayətlərindən çəkindirmir:
“Bu gün Rusiya faktiki olaraq beynəlxalq hüququ və qanunları bir kənara qoyub, heç bir hüquq tanımadığını, beynəlxalq tribunalarda qəbul edilən qərarlara riayət etməyəcəyini açıq şəkildə nümayiş etdirir. Bu isə beynəlxalq birliyin Rusiyaya qarşı daha ciddi addımlar atmasını və konkret təzyiqlər göstərməsini zəruri edir. Təəssüf ki, hələlik istər ABŞ, istərsə də Avropa İttifaqının ayrı-ayrı ölkələri tərəfindən bu istiqamətdə ciddi addımlar müşahidə olunmur”.
Ekspert əlavə edib ki, Rusiyanın kimyəvi maddələrdən istifadəsi insan tələfatını artıracaq və daha böyük fəsadlara yol aça bilər:
“Əgər Moskva bunları ödəməkdən imtina etsə...”
“Bu, yolverilməzdir. Ona görə də qərarların qəbulu və məsələnin beynəlxalq tribunallara çıxarılması vacibdir. Müharibədən sonra isə Rusiyanın üzərinə müvafiq təzminatların ödənilməsi, zərər çəkmiş obyektlərin və əhalinin hüquqlarının tanınması, onlara kompensasiya verilməsi məsələləri gündəmə gətiriləcək. Əgər Moskva bunları ödəməkdən imtina etsə, o halda Rusiyanın müxtəlif ölkələrdə olan dondurulmuş aktivlərinin bu istiqamətə yönləndirilməsi gündəmə gələcək”.
O, həmçinin vurğulayıb ki, müharibə qanunlarını pozan və cinayətlər törədən bir ölkəyə qarşı ciddi tədbirlərin görülməməsi doğru deyil.
Çünki bu, gələcəkdə digər gücləri də oxşar addımlar atmağa həvəsləndirə bilər:
“Əgər indiki kimyəvi silahdan istifadə məsələsi öz təsdiqini taparsa, bununla bağlı mütləq şəkildə müvafiq qərarlar qəbul ediləcək. Hətta Rusiya bu gün həmin qərarlara tabe olmadığını nümayiş etdirsə belə, bu qərarların mövcudluğu qeyd etdiyim səbəblərə görə olduqca vacibdir”.
Nicat Osman
tag: Rəşad Bayramov,Politoloq,Rusiya,Ukrayna,Kimyəvi silah,Todaypress.tv,