Ermənistanın “rus planı”: Ruslar Gümrüdən də çıxarılır?

Təhlil

16.02.2026 15:27

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvan rusiyalı tərəfdaşlarından hava limanını və Ermənistan-Azərbaycan sərhədini qoruduqları bir neçə yeri tərk etmələrini xahiş etməyi məqsədəuyğun hesab edib. 

O, bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası haqqında da danışmağa başlayacaqlar (Rus hərbçilərin bazadan çıxmasını nəzərdə tutur - red.). Amma hazırda bu barədə müzakirə aparılmır. 

Bəs Rusiya Gümrüdən çıxacaq? 

Sözügedən məsələni politoloq Elçin Xalidbəyli TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, “Tramp Marşrutu"nun icrası ilə bağlı hüquqi sənədlərin imzalanmasından sonra Ermənistanda situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Vensin Ermənistana və eyni zamanda Azərbaycana səfəri Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyub. Artıq Cənubi Qafqaz tədricən Rusiyanın təsir dairəsindən çıxır, bu dövlətin regiona təsir mexanizmləri zəifləyir və hətta tamamilə bloklanmaq üzrə addımlar atılır. 

Ekspert qeyd edib ki, son vaxtlara qədər Ermənistan hava limanından rus sərhədçiləri çıxarılıb. Hazırda isə “Tramp Marşrutu"nun icrası ilə bağlı işlərə başlanıldığı üçün rus sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılması mövzusu da gündəmə gətirilir: 

"Böyük ehtimalla Ermənistan həm Türkiyə, həm də İranla sərhəddə öz sərhədçilərini yerləşdirməyə üstünlük verəcək və bəzi məlumatlara görə, bu, Birləşmiş Ştatların istəyi ilə reallaşdırılacaq". 


Analitik əlavə edib ki, Gümrü hərbi bazası ilə bağlı məsələ də hazırda çox aktualdır: 

"Əslində, bazanın Ermənistandan çıxarılması ilə bağlı ölkədə ciddi təbliğat aparılır. Bir neçə dəfə mitinqlər və kütləvi etiraz aksiyaları keçirilib. Əgər Ermənistan parlamentinin spikeri Alen Simonyan bu mövzu ilə bağlı açıq danışmağa və ya eyhamlar verməyə başlayıbsa, demək olar ki, Gümrü hərbi bazasının gələcəyi intensiv şəkildə müzakirə masasına gətiriləcək". 


E.Xalidbəylinin qənaətincə, bu prosesin yaxın vaxtlarda başlaması ehtimalı yüksəkdir: 

"Tramp Marşrutu” bir çox faktorların təhlükəsizlik zəmanətləri üzərində qurulmasını tələb edir. Böyük ehtimalla Gümrü hərbi bazasının taleyi Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra daha ciddi şəkildə müzakirə olunacaq. Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gələrsə, bazanın gələcəyi ilə bağlı siyasi-diplomatik addımlar atıla bilər". 

Politoloq onu da əlavə edib ki, Kremlin bu məsələyə necə reaksiya verəcəyi hələlik məlum deyil. Ehtimal etmək olar ki, Kremlin məqsədi Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına müqavimət göstərmək olacaq. Ancaq bu müqavimətin yetərli olub-olmayacağı hələ bilinmir. 

Jalə Rövşən

tag: Ermənistan,Simonyan,Spiker,Kreml,Todaypress.tv,