Demokratiyaya uzaq, Stalinə yaxın: Putin siyasətinin yeni istiqaməti...
“Rusiyada İosif Stalinə qarşı sitayişlər yenidən baş qaldırır, həyatı geniş təbliğ edilir”.
Siyasi ekspert Elşad Həsənov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O bildirib ki, Rusiyada İosif Stalinin kultu qalxır:
“Əhali onun dövründə SSRİ-nin böyük gücə və nüfuza sahib olduğunu deyirlər. Rusiya prezidenti Vladimir Putin də hardasa Stalinin yolu ilə getmək, Rusiyanı gücləndirmək, SSRİ-ni bərpa etmək istəyir. Ona görə də artıq Rusiyanın müxtəlif şəhərlərində Stalinə heykəllər qoyulur, barelyeflər ucaldılır. Qələbənin 80 illiyi ərəfəsində isə Volqoqrad şəhərinin hava limanına Stalinin adının verilməsi haqqında müharibə iştirakçılarının xahişi Putinə çatdırıldı. O da buna razılıq verdi. İndi də Moskva metrosunun “Taqanskaya” stansiyasında barelyefinin açılışı oldu. Rusiyanın digər şəhərlərində də Stalinə sitayişlər yenidən baş qaldırır. Bu, Rusiyanın demokratiyadan uzaqlaşdığını göstərir”.
Analitikə görə, Putin də SSRİ-ni qaytarıb, digər respublikaları yenidən birləşdirmək istəyir:
“Rusiya Ukraynada buna nail ola bilmədi. Əgər Putin hakimiyyətdə qalsa və müharibədə qələbə çalsa, digər respublikaları da özünə birləşdirməyə çalışacaq. Ona görə də bu, keçmiş SSRİ xalqlarına mesajdır. Putinin planlarını Avropa və ABŞ də bilir. Təəsüf ki, ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra Putin daha da dirçəlməyə başlayıb, özünü daha aqressiv aparır. Ukrayna münaqişəsi ilə bağlı danışıqlara getmir. Trampla danışıqlar aparsa da, heç 1 aylıq atəşkəsi də qəbul etmir. Görünən odur ki, o, öz fikrindən daşınmaq niyyətində deyil. Ancaq hesab edirəm ki, həm Avropa liderlərinin, həm Amerikanın ciddi təzyiqi ilə o, sülhə getməlidir. Getməsə, müharibə daha da alovlana bilər”.
Qeyd edək ki, Moskva metrosunun “Taqanskaya” stansiyasında İosif Stalinin təsvir olunduğu yenidən yaradılmış barelyefin açılışı olub.
Bu barelyefin açılışının ideoloji jest olduğu ortaya çıxıb.
Qiymət Mahir
tag: Elşad Həsənov,Ekspert,Putin,Stalin,Todaypress.tv,
