Fransadan Ermənistana milyonluq silah dəstəyi: Məqsəd nədir?

Təhlil

04.11.2025 13:08

Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274,5 milyon avro dəyərində silah tədarükü müqaviləsi imzalayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir ki, yeni texnika, hərbi təlimlər və birgə əməliyyatlar yalnız müdafiə xarakteri daşıyır.

Məlumata görə, 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirib. Fransa Ermənistanı “Sezar” tipli özüyeriyən haubitsalar, 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğuları ilə təmin edir. 2022-ci ilə qədər bu ölkə Ermənistana demək olar ki, silah tədarük etmirdi.

Bəs bu addımların yalnız müdafiə xarakteri daşıması nə qədər realdır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Fransanın Ermənistana silah dəstəyi uzunmüddətli siyasi əlaqələrin davamıdır:


"Ermənistan və Fransa arasında əməkdaşlıq yeni deyil. Onsuz da bu iki ölkə arasında həmişə dostluq münasibətləri mövcud olub. 2022-ci ildən sonra Fransanın Ermənistanın silahlandırılmasında rolunun artmasının isə özünəməxsus səbəbləri var".

Politoloq qeyd edib ki, Fransa Ermənistanın silah boşluğunu doldurur:

"Əvvəla, Avropa ölkələri Ermənistanın ənənəvi silah tədarükçüsü olan Rusiyadan asılı qalmasını istəmir. Ermənistan da Rusiya ilə əlaqələrinin zəifləməsində maraqlıdır. Yaranmış bu boşluğu isə Fransa doldurmağa çalışır".

Onun sözlərinə görə, silahlanma daha çox müdafiə və siyasi maraqlara xidmət edir:

"Bununla belə, Azərbaycanın hərbi gücü və imkanları ilə müqayisədə Ermənistanın silahlanması balans yarada bilmir. Bu baxımdan, proses daha çox müdafiə xarakteri daşıyır. Fransa həm silah ixracatçısı kimi Ermənistana bazar gözü ilə baxır, həm də Cənubi Qafqazda maraqlarını bu ölkə üzərindən həyata keçirməyə çalışır".

Ekspert vurğulayıb ki, Ermənistan hərbi rəqabətdən uzaqlaşıb:

"Eyni zamanda, Ermənistanın son aylarda müdafiə xərclərini azaltması, hərbi xidmət müddətini qısaltması göstərir ki, rəsmi İrəvan Azərbaycanın hərbi gücü ilə rəqabət apara bilməyəcəyini anlayır və daha çox sülh istiqamətinə üstünlük verir".

Ə.Mustafa son olaraq əlavə edib ki, ümumilikdə, Fransa–Ermənistan əməkdaşlığı daha çox siyasi konjonktura və Fransa-Ermənistan münasibətlərinin tarixi fonu ilə əlaqədardır. Bu əməkdaşlıq Ermənistana müdafiə imkanlarından artıq üstünlük vəd etmir.

Jalə Rövşən

tag: Ermənistan,Əli Mustafa,Fransa,Silah,Todaypress.tv,