Ekspert: “Bakı–Vaşinqton münasibətlərində "Qızıl Dövr" başlayır”
Təhlil
23.12.2025 17:44
Dekabrın 19-da Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ilk onlayn iclas keçirilib. Görüşdə tərəflər iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
![]()
Bəs mövcud regional şəraitdə Azərbaycan–ABŞ strateji tərəfdaşlığı real təhlükəsizlik və siyasi müttəfiqliyə çevrilə bilərmi?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Donald Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətləri canlanıb:
“Hər şeydən əvvəl strateji planlaşdırma aparılmalıdır. Hesab edirəm ki, Azərbaycan–ABŞ strateji tərəfdaşlıq planı üzrə işçi qrupunun ilk iclası iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələyə çıxışdır. Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan əlaqələri tamamilə fərqli, daha konstruktiv xarakter alıb. Məhz Donald Tramp prezident seçildikdən sonra ABŞ ilə Azərbaycan arasında münasibətlərdə aydın dinamika müşahidə olunur”.

Analitik qeyd edib ki, bu görüş strateji tərəfdaşlığın praktik mərhələsinin başlanğıcı hesab oluna bilər:
“Xatırlatmaq lazımdır ki, strateji işçi qrupunun ilk iclasında regional təmasların genişləndirilməsi, ticarət imkanlarının artırılması, süni intellekt sahəsində əməkdaşlıq, investisiyaların təşviqi kimi mühüm istiqamətlər müzakirə olunub. Eyni zamanda, 2025-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin məhz strateji tərəfdaşlıq əsasında formalaşdığını bir daha təsdiqləyir”.

Ekspert vurğulayıb ki, ABŞ Azərbaycanı regionun enerji və logistika mərkəzi kimi qiymətləndirir:
“Amerika Birləşmiş Ştatları Azərbaycanı regionun əsas aparıcı ölkəsi kimi görür. Azərbaycan təkcə siyasi deyil, həm də iqtisadi baxımdan Cənubi Qafqazın lokomotividir. Regionda həyata keçirilən strateji enerji və enerji-logistika layihələri məhz Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılır. Azərbaycan faktiki olaraq Cənubi Qafqazın enerji və logistika habına çevrilib”.
E.Mirbəşiroğlu sonda qeyd edib ki, ABŞ Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır:
“Bu baxımdan, regionda reallaşdırılması nəzərdə tutulan mühüm layihələrdə ABŞ-nin marağı açıq şəkildə görünür. Regionda maraqları olan digər beynəlxalq aktorlar kimi, Amerika Birləşmiş Ştatları da Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Strateji işçi qrupunun ilk iclası da məhz buna dəlalət edir. Düşünürəm ki, bundan sonra Tramp administrasiyası Azərbaycanla münasibətlərin daha dinamik şəkildə inkişafında maraqlı olacaq. Çünki Cənubi Qafqaz strateji əhəmiyyətə malik regiondur və regionun ən güclü, perspektivli dövləti ilə əməkdaşlıq ABŞ üçün xüsusi əhəmiyyət daşıyır”.
Jalə Rövşən
tag: Elşad Mirbəşiroğlu ,ABŞ,Azərbaycan ,Əməkdaşlıq ,Todaypress.tv,
