Qərb Moskvaya qarşı “dondurulmuş aktivlər silahı”nı niyə işə salmır? – Politoloq SƏBƏBİNİ AÇIQLADI

Təhlil

18.08.2025 16:14

“Hazırda Rusiyanın Qərbdə Ukraynanı dəstəkləyən korrupsiyaya qarşı effektiv müqavimət resursları mövcud deyil və rəsmi Moskva getdikcə zəifləyir. Buna baxmayaraq, Kreml neoimperialist siyasətindən geri addım atmaq niyyətində deyil. Bu səbəbdən Qərbi müxtəlif hərbi addımlarla, o cümlədən nüvə silahı ilə şantaj edir və Ukraynada münaqişənin daha da genişlənməsinə çalışır”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə danışarkən deyib.  

Onun sözlərinə görə, Qərb dövlətlərinin Rusiyanın zəiflədilməsi məsələsinə yanaşması müxtəlifdir. Bəzi ölkələr Moskvanın tamamilə sıradan çıxarılmasını arzu edir, digərləri isə bu addımı riskli hesab edir. Çünki Rusiya xaosa sürüklənərsə, yaranan vəziyyətin idarə olunması böyük çətinliklərə səbəb ola bilər. Üstəlik, Rusiyanın iflası üçün atılacaq addımlar və sərf olunacaq resurslar Avropa dövlətlərinə də mənfi təsir göstərə bilər.

Analitik əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dialoqa daha açıqdı:

“ABŞ rəhbərinin Rusiyanın tələblərini Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırmaqla onu müəyyən ərazi güzəştlərinə razı salmaq cəhdləri müşahidə olunur. Tramp-Zelenski görüşündən sonra bu kimi bir çox məsələlər aydın olacaq”. 

O vurğulayıb ki, Rusiyanın iqtisadi cəhətdən tam çökdürülməsi mərhələli prosesdir və Qərb ölkələri bunun nəzarətdən çıxmasında maraqlı deyil. Ekspertin sözlərinə görə, yaxın gələcəkdə sülh və ya atəşkəs barədə razılıq əldə olunmasa, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etməyi planlaşdırır və bu məhdudiyyətlər sentyabr ayından qüvvəyə minə bilər.

Politoloq həmçinin bildirib ki, Rusiyanın Qərb ölkələrinə iqtisadi əks-hücum imkanları isə məhduddur.

Qeyd edək ki, Aİ ölkələrinin yurisdiksiyasına aid banklarda və maliyyə institutlarında Rusiyanın dondurulmuş 260 milyard avrodan çox suveren aktivləri mövcuddur. Aİ artıq bu aktivlər üzrə faizlərin bir hissəsini Kiyevə kömək üçün istiqamətləndirsə də, Ukrayna və onun Qərbdəki müttəfiqləri dondurulmuş vəsaitlərin tam müsadirə edilməsində israrlıdır. 

Hazırda həmin dondurulmuş aktivlər Rusiya iqtisadiyyatını çökdürə biləcək unikal alət hesab olunur.

Aysel Mətləb

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Qərb,Todaypress.tv,

photo