“Bu adam seçiləcəksə…” – Moskva Paşinyanı topa tutdu: seçkiöncəsi gərginlik artdı
Təhlil
06.04.2026 12:39
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk xəbərdarlıq edib ki, Ermənistan Avropa İttifaqına (Aİ) daxil olacağı təqdirdə, Rusiya ilə hava əlaqəsi olmayacaq:

"Hazırda Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu isə o deməkdir ki, bizim Ermənistanla da hava əlaqəmiz olmayacaq".
O əlavə edib ki, Ermənistan vətəndaşları Avropaya inteqrasiya istiqamətində qəbul edilmiş kursun potensial nəticələrini dərk etməlidirlər.
Politoloq Fikrət Sadıqov Overçukun bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib ki, bu, birbaşa Ermənistanda seçkiqabağı proseslərə və seçicilərə ünvanlanmış siyasi mesajdır.

Analitik vurğulayıb ki, səsləndirilən fikir əslində seçicilərə yönəlib və mesaj ondan ibarətdir ki, əgər yenidən Baş nazir Paşinyan və onun partiyası seçilərsə, bu, Ermənistanın Rusiya ilə əlaqələrdən uzaqlaşması kimi təqdim olunur. Onun sözlərinə görə, bu cür yanaşma müəyyən mənada süni şəkildə yaradılmış təzyiq və hədə-qorxu xarakteri daşıyır.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü uzunmüddətli və mürəkkəb prosesdir və hazırda Balkan ölkələri, eləcə də Ukrayna, Gürcüstan və Moldova kimi dövlətlər bu istiqamətdə növbədədir. Onun fikrincə, bu proses bir neçə mərhələdən ibarətdir və bu, heç də üzvlüyün asan və qısa müddətdə reallaşacağı anlamına gəlmir.

"Hazırda Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin gərgin olması müharibə və tətbiq olunan sanksiyalarla bağlıdır. Müharibə daimi deyil və gələcəkdə bu münasibətlərdə dəyişikliklərin baş verməsi ehtimalı var", - deyə F. Sadıqov izah edib.
Ekspertin fikrincə, bütün bu amillər siyasi xarakter daşıyır.
Politoloq bildirib ki, Rusiyanın Ermənistanda Paşinyanın yenidən hakimiyyətə gəlməsi ehtimalından narahatlığı hiss olunur. O vurğulayıb ki, hazırda Paşinyanın nüfuzu kifayət qədər yüksəkdir və əgər kənardan ciddi müdaxilə və maneələr olmazsa, onun partiyasının yenidən parlamentdə çoxluq qazanması mümkündür.
Aysel Mətləb
tag: Fikrət Sadıqov,Politoloq,Rusiya,Ermənistan,Todaypress.tv,
