Azərbaycan basketbolu: tarixi fürsət, ağır debüt və Avropanın göstərdiyi reallıq – Təhlil

Azərbaycan basketbolu: tarixi fürsət, ağır debüt və Avropanın göstərdiyi reallıq – Təhlil
12.10.2026 12:55 Təhlil

Azərbaycan basketbolu üçün 2026/2027-ci illər mövsümü həqiqətən tarixi hadisə ilə başlayıb. İlk dəfə dörd klubumuz eyni mövsümdə Avropa turnirlərinin əsas mərhələsində mübarizə aparır. Ölkə çempionu “Sabah” FIBA Çempionlar Liqasında, “Neftçi”, “Gəncə” və “LANDAU Lions” isə FIBA Avropa Kubokunda çıxış edir.

Ancaq tarixi təmsilçiliklə nəticə arasında böyük fərq yarandı. İlk oyunlarda dörd klubumuz da məğlub oldu.

“Rytas” – “Sabah”
FIBA Çempionlar Liqası
82:73

“Mikonos” – “Neftçi”
FIBA Avropa Kuboku
78:58

“Esenlər Erokspor” – “Gəncə”
FIBA Avropa Kuboku
92:63

“LANDAU Lions” – “Lion de Jenev”
FIBA Avropa Kuboku
83:105

Dörd matçın ümumi balansı belədir: Azərbaycan klubları 277 xal toplayıb, 357 xal buraxıb. Fərq mənfi 80 xaldır. Bu, turnirə başlanğıc üçün xoş mənzərə deyil. Lakin rəqiblərin səviyyəsini və “Gəncə”nin üzləşdiyi fövqəladə hadisəni nəzərə almadan bütün məğlubiyyətləri eyni səbəblə izah etmək də düzgün olmaz.


Avropada sərt reallıq: dörd klubumuz niyə uduzdu?

“Sabah”ın Litvada “Rytas”a 73:82 hesabı ilə uduzması ən rəqabətli məğlubiyyət sayılmalıdır. Çempionumuz ilk rübdə 20:16 öndə olub, fasiləyə isə cəmi bir xal geridə yollanıb - 38:39. Lakin sonrakı hissələrdə litvalılar üstünlüyü ələ keçiriblər.

Burada vacib məqam rəqibin kimliyidir. “Rytas” dörd ay əvvəl FIBA Çempionlar Liqasının qalibi olub. Yəni “Sabah” qitənin ən güclü klub turnirlərindən birində məhz son çempionla qarşılaşıb.

Bu baxımdan “Sabah”ın məğlubiyyətini təkcə Azərbaycan basketbolunun zəifliyi ilə əlaqələndirmək olmaz. Rəqib Avropa təcrübəsinə və yüksək səviyyəli oyunçulara malikdir. Bununla belə, oyunun başlanğıcında rəqabət aparan komandanın sonradan geri düşməsi fiziki davamlılıq, rotasiyanın keyfiyyəti və oyunun gedişinə uyğunlaşmanı gündəmə gətirir.

Bakı klubunun əsas vəzifəsi belə rəqiblərə qarşı 30–35 dəqiqə deyil, bütün oyun boyu eyni intizamı qorumağı öyrənməkdir.

“Mikonos”un meydanında 58:78 hesablı məğlubiyyət “Neftçi”nin qarşılaşmada hücum baxımından çətinlik çəkdiyini göstərir. Bununla yanaşı, “Neftçi”nin əsas mərhələyə necə yüksəldiyini unutmaq olmaz. Bakı klubu seçmə mərhələsində “Parnu”nu ilk oyunda 80:67 hesabı ilə məğlub edib, cavab qarşılaşmasında 61:73 hesabı ilə uduzsa da, iki oyunun cəmində 141:140 üstünlüklə növbəti mərhələyə keçib. Bu nəticələr “Neftçi”nin rəqabət aparmaq potensialının olduğunu göstərsə də, səviyyə sabitliyi barədə suallar mövcuddur. Qrup mərhələsində rəqiblər daha keyfiyyətli müdafiə, daha geniş rotasiya və oyunun gedişinə uyğun taktiki dəyişikliklər təklif edə bilirlər. “Neftçi” ayrı-ayrı legionerlərin fərdi keyfiyyətlərinə güvənməkdənsə, hücumda daha çox variant yaratmalıdır. Klub həmçinin müdafiə təzyiqi altında top itkilərini də azaltmalıdır.


“Gəncə”nin Türkiyədə “Esenlər Erokspor”a 63:92 hesabı ilə uduzması dörd nəticə arasında ən ağır məğlubiyyətlərdən biridir. Lakin bu qarşılaşmanı digər oyunlarla eyni meyarla qiymətləndirmək olmaz.

İspaniyanın AS nəşrinin məlumatına görə, komandanın qaldığı oteldə liftin düşməsi nəticəsində beş basketbolçu xəsarət alıb. Komanda oyunun təxirə salınmasını istəsə də, müraciət qəbul edilməyib. “Gəncə” qarşılaşmada yalnız 10 oyunçudan istifadə edib. Heyətin iki üzvü meydana çıxa bilməyib, bir basketbolçu isə iki dəqiqədən bir qədər artıq oynayıb.

Bu hadisə nəticənin təhlilində mühüm amildir. Zədələr və məhdud rotasiya komandanın müdafiə dəyişikliklərinə, fiziki davamlılığına və oyunçuların dəqiqələrinə birbaşa təsir göstərib. Baş verənlər həm də Avropa turnirlərində təhlükəsizlik və komandanın oyunöncəsi şəraitinə dair ciddi suallar yaradır.

“LANDAU Lions” - “Lion de Jenev” (83:105) görüşünün nəticəsi hücumla müdafiə arasındakı tarazlığın nə qədər vacib olduğunu göstərir. Fərdi oyunçuların yüksək xal toplaması komandanın müdafiədəki problemlərini ört-basdır etmir.   James Frazier 22, Gediminas Orelik 20 xal toplasa da, kollektiv müdafiə rəqibin hücumunu dayandıra bilməyib. Burada fərdi müdafiə ilə komanda müdafiəsinin əlaqəsi diqqətlə təhlil edilməlidir.

Dörd klubun nəticələrini nəzərdən keçirəndə bir neçə ümumi problem ortaya çıxır. Müdafiə rəqibin səviyyəsinə uyğunlaşdırılmalıdır. Hücumlar yalnız bir-iki aparıcı oyunçunun hesabına deyil, kollektiv hərəkət və hücum sxemlərinə əsaslanmalıdır. Burada fiziki hazırlıq və rotasiya da böyük rol oynayır. Avropa turnirlərində temp yüksək olur, səhvlər tez cəzalandırılır. Rəqiblər oyun ərzində müdafiə formasını, pressinqi və hücumun istiqamətini dəyişə bilirlər. Klubların bu dəyişikliklərə nə qədər tez cavab verdiyi nəticəyə təsir göstərir.


Tarixi fürsət, acı başlanğıc: klublarımızın Avropada nəyə ehtiyacı var?

Azərbaycan basketbolunun hazırkı səviyyəsinə gəlincə, ölkəmizdə bu idman növü inkişaf və beynəlxalq təmsilçilik mərhələsindədir. Dörd klubun eyni mövsümdə Avropa turnirlərinin əsas mərhələsinə çıxması yerli basketbol üçün mühüm addımdır. Bununla belə, komandaların imkanları eyni deyil. Bu səbəbdən dörd klubun nəticəsini vahid meyarla ölçmək düzgün olmaz. Yerli çempionatın səviyyəsi ilə Avropa turnirinin tələbləri arasında məsafə var. Azərbaycan Basketbol Liqasında uğur qazanmaq Avropada eyni nəticəni təkrarlamağa zəmanət vermir. Rəqiblərin daha geniş oyunçu rotasiyası, fərdi keyfiyyəti və taktiki hazırlığı qarşılaşmaların tempini və mürəkkəbliyini artırır.

Ancaq dörd məğlubiyyət əsasında Azərbaycan basketbolunun bütövlükdə zəif olduğu qənaətinə gəlmək də tələsik olardı. Bu nəticələr mövcud fərqləri göstərir, amma inkişaf istiqamətini müəyyənləşdirmək üçün mövsümün davamına baxmaq lazımdır.

İlk növbədə legionerlərlə yerli oyunçular arasında düzgün balans qurulmalıdır. Uzunmüddətli inkişaf üçün legionerlərin təcrübəsi yerli oyunçuların inkişafına xidmət etməlidir. Klublar yalnız hazır basketbolçu gətirməklə kifayətlənməməli, yerli oyunçulara məsuliyyət və meydanda kifayət qədər vaxt verməlidirlər. Əks halda, legionerlərin olmadığı vaxtlarda komandanın səviyyəsi kəskin aşağı düşə bilər.




Uşaq və yeniyetmə basketboluna investisiya qoyulmalıdır. Bu, ən vacib məsələlərdən biridir. Azərbaycan basketbolunun davamlı inkişafı üçün keyfiyyətli yerli oyunçu bazası yaradılmalıdır. Bu baxımdan uşaq və yeniyetmə liqalarının rəqabət səviyyəsi artırılmalıdır. Regionlarda basketbol məktəbləri genişləndirilməlidir. Gənc oyunçular üçün fərdi fiziki hazırlıq, atış texnikası və taktiki təlim proqramları qurulmalıdır. Perspektivli basketbolçuların xarici akademiyalarda və güclü liqalarda təcrübə qazanması üçün imkanlar yaradılmalıdır. Dörd klubun Avropada iştirak etməsi yaxşı xəbərdir. Amma beş, on il sonra da eyni səviyyədə qalmaq üçün klubların arxasında yeni oyunçular yetişdirən sistem olmalıdır.


Müasir basketbolda məşqçinin işi yalnız taktika seçməkdən ibarət deyil. Rəqibin oyununu təhlil etmək, atış xəritələrini öyrənmək, oyunçuların fiziki yükünü idarə etmək və matç ərzində düzgün qərarlar vermək vacibdir. Bu səbəbdən yerli məşqçilərin beynəlxalq təcrübə proqramlarında iştirakı təşkil olunmalıdır.

Avropa turnirlərində bir mövsüm iştirak etmək uğurdur, amma davamlı iştirak üçün maliyyə planlaşdırması vacibdir. Komandanın heyətini mövsümün sonuna qədər qorumaq, ehtiyat oyunçuların keyfiyyətini artırmaq və uzunmüddətli transfer siyasəti qurmaq lazımdır. Qısamüddətli nəticə üçün çoxlu legioner transfer etmək mümkündür. Ancaq sistemli inkişaf üçün büdcə, akademiya, məşqçi heyəti və yerli oyunçuların inkişafı vahid strategiyanın hissəsi olmalıdır.

Məğlubiyyətdən sonra yalnız hesabı müzakirə etmək kifayət deyil. Hər klub oyundan sonra konkret suallara cavab tapmalıdır. Ətraflı təhlil olmadan “daha yaxşı oynamaq lazımdır” demək ümumi çağırış olaraq qalacaq.


Dörd klub Avropada, amma səviyyə fərqi göz qabağında!

Mövsümün əvvəlində bütün dörd klubdan dərhal qələbə gözləmək real yanaşma deyil. Rəqiblər arasında Avropa çempionu, güclü milli çempionatların təmsilçiləri və beynəlxalq təcrübəsi daha çox olan komandalar var. Bununla belə, məqsəd sadəcə məğlubiyyətləri azaltmaq olmamalıdır.
“Sabah” ilk oyundakı rəqabətli başlanğıcı bütün qarşılaşmaya yaymağa çalışmalıdır. “Rytas”la oyunda ilk rübdəki üstünlük komandanın rəqiblə mübarizə aparmaq imkanının olduğunu göstərdi.

“Neftçi” hücum məhsuldarlığını artırmalı və seçmə mərhələsində göstərdiyi mübarizəni qrup oyunlarına da daşımalıdır.

“Gəncə” əvvəlcə oyunçuların sağlamlığı və heyətin tamlığı məsələsini həll etməli, sonra ilk nəticəni real güc göstəricisi kimi qiymətləndirməlidir.

“LANDAU Lions” müdafiə sabitliyini artırmalıdır. Oyun ərzinrə çox toplamaq müsbət məqamdır, amma ondan da artığını buraxmaqla qələbə qazanmaq çətindir.

Azərbaycan basketbolu üçün cari mövsümün əhəmiyyəti dörd klubun Avropada iştirak etməsindən daha böyükdür. Bu turnirlər yerli basketbolun hansı sahələrdə inkişaf etdiyini və hansı problemlərin həllini gözlədiyini üzə çıxarır. İlk oyunların nəticələri məyusedicidir, amma bütün mənzərəni yalnız hesablarla qiymətləndirmək olmaz. “Sabah”ın rəqibi son Çempionlar Liqası qalibidir, “Gəncə” isə debüt matçından əvvəl ciddi təhlükəsizlik hadisəsi ilə üzləşib. “Neftçi”nin hücum məhsuldarlığı, “LANDAU Lions”un müdafiəsi isə ayrıca təhlil tələb edir.

Azərbaycan basketbolu Avropaya çıxmaq mərhələsində irəliləyib, indi isə orada rəqabət aparmaq mərhələsinə keçməlidir. Bunun üçün təkcə legioner transferləri və klub büdcələri deyil, yerli oyunçuların inkişafı, məşqçilik keyfiyyəti, analitika və uzunmüddətli planlaşdırma da gücləndirilməlidir.

Dörd klubun Avropada çıxış etməsi uğurun başlanğıcıdır. Növbəti addım bu təmsilçiliyi davamlı nəticələrə çevirməkdir.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər