ABŞ Suriyanı Ərəb blokuna çəkir – Cavab gözlənilir...
Təhlil
22.07.2025 16:15
“ABŞ üçün Türkiyə, Türkiyə üçün isə ABŞ zərurətdir, münasibətlərin taleyi kompromisdədir”.
Siyasi ekspert Həşim Səhrablı bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-nin Türkiyəyə təzyiq göstərmək cəhdi daha çox Ankaranın artan regional gücünü nəzarətdə saxlamaqla bağlıdır.
“ABŞ Türkiyənin Yaxın Şərqdə tarixi varlığını, hərbi üstünlüyünü və siyasi nüfuzunun genişlənməsini bir növ Osmanlı sonrası yeni geosiyasi yüksəliş kimi görür. Vaşinqton bu yüksəlişin nəzarətdən çıxaraq ABŞ maraqlarına qarşı çevrilməsindən narahatdır. ABŞ-nin istəyi, bu mərhələdə Türkiyəni birbaşa qarşısına almaq deyil, onu öz təsir dairəsində saxlayaraq regional stabillikdə əsas oyunçuya çevirməkdir. Lakin bu oyunçunun sərhədləri aydın şəkildə müəyyən edilməlidir”.
Analitikin fikrincə, ABŞ-nin bu gün Türkiyəyə yönəlik strategiyası SSRİ dağıldıqdan sonra Rusiyaya verilən imkanlardan dərs çıxarmaq istəyindən doğur. Vaxtilə güc qazanan Moskvanın sonradan Vaşinqtonla maraqları bölüşmək əvəzinə, öz milli maraqlarını önə çəkməsi ABŞ üçün ciddi təhlükəyə çevrilib. ABŞ bu ssenarinin Türkiyə ilə təkrarlanmasını istəmir.
Ekspert əlavə edib ki, Türkiyənin tarixi dözümlülüyü, dövlətçilik təcrübəsi və müasir geosiyasi imkanları onun istənilən təzyiqə qarşı dayanıqlı mövqe sərgiləməsinə imkan verir.
“ABŞ və Türkiyə arasında açıq qarşıdurma ehtimalı real görünmür. Çünki Vaşinqton artıq Çin və Rusiya istiqamətində sərt addımlar atır və əlavə rəqibə ehtiyacı yoxdur. Əksinə, Türkiyə onun üçün həm Avropanın, həm də Yaxın Şərqin strateji giriş qapısı olaraq, təhlükəsizlik arxitekturasında önəmli yer tutur. Türkiyə bu mərhələdə nə ABŞ, nə də Qərblə düşmən olmaq istəyindədir. Əksinə, əməkdaşlıq zərurəti həm iqtisadi, həm də regional təhlükəsizlik baxımından qaçılmazdır. Türk dünyasının qarşılaşdığı çağırışlar, Orta Asiyada və Cənubi Qafqazda gedən proseslər Türkiyənin qlobal rolunu daha da artırır. Bu mənzərədə Türkiyə üçün də, ABŞ üçün də strateji əməkdaşlıq tarixdən gələn və gələcəyə yönəlik zərurətə çevrilir”.
H.Səhrablının qənaətincə, Suriya məsələsində hazırda tərəflər arasında gərginliklər olsa da, bu münasibətlərin dərinləşməsi və kompromis yolunun seçilməsi ehtimalı daha da gücləndirir. Çünki bu münasibət təkcə iki dövlətin deyil, bütövlükdə regionun və qlobal sabitliyin gələcəyini müəyyənləşdirəcək qədər əhəmiyyətlidir.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, ABŞ Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraanı Türkiyə xəttindən ayırıb, Ərəb blokuna yaxınlaşdırmaq istəyir.
Töhfə Səməd
tag: Həşim Səhrablı,Ekspert,ABŞ,Suriya,Todaypress.tv,
