Sülh müqaviləsi paraflandı: Delimitasiya və demarkasiya prosesi yeni mərhələyə keçir - DEPUTAT
Təhlil
19.08.2025 18:13
“Tərəflər sülh müqaviləsini paraflayıb və bu, onların mövqelərinin tam uyğunluq təşkil etdiyini, sənədə əlavə və ya dəyişiklik edilməsinin nəzərdə tutulmadığını təsdiqləyir”.
Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, burada əsas məqam tərəflərin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanımasıdır. Bu xüsusda 1991-ci il Almatı Bəyannaməsi əsas istinad sənədi kimi götürülür. Sənədin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında sərhədlər SSRİ dövründə mövcud olmuş inzibati sərhədlər əsasında müəyyənləşdiriləcək.
O əlavə edib ki, bu mərhələdə sərhədlərin delimitasiyası və demarkasiyası əsas prioritetə çevrilir:
“Artıq delimitasiya prosesi başlanıb və bu istiqamətdə konkret addımlar atılır. Delimitasiya, eyni zamanda, demarkasiyanı şərtləndirir və bu mərhələnin həyata keçirilməsi də Almatı Bəyannaməsində nəzərdə tutulan razılaşmalar çərçivəsində baş tutacaq. Təbii ki, bu, zaman tələb edən bir prosesdir”.
Parlamentarinin sözlərinə görə, artıq bu istiqamətdə praktiki addımların atılması mümkündür. Əsas çətinlik delimitasiya mərhələsindədir. Demarkasiya isə artıq müəyyən edilmiş sərhədlərin nişanlanması, praktiki işlərin görülməsidir:
"Azərbaycanın əsas tələbi olan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tam aradan qaldırılması təmin edildikdən sonra, sülh müqaviləsinin referendum yolu ilə təsdiqlənəcəyi gözlənilir. Bu baş verdikdən sonra delimitasiya yekunlaşacaq və demarkasiya sırf texniki xarakterli bir mərhələyə çevriləcək", - deyə E.Nəsirov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan edib. Onun sözlərinə görə, bu reallıq sərhədlərin demarkasiyası prosesində də öz həllini tapmalıdır.
Aysel Mətləb
tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Ermənistan,Sülh,Delimitasiya,Demarkasiya,Todaypress.tv,
