Trampın qərarı narahatlıq doğurdu: "Normal qarşılanmayacaq!"
Təhlil
09.09.2025 17:22
"ABŞ böyük və müstəqil dövlətdir. Öz idarəetmə sistemində dəyişiklik etmək, nazirliklərin adını dəyişmək və ya ləğv etmək səlahiyyətinə malikdir".
“Cross Media” Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bunu TodayPress TV-yə danışarkən deyib.
Ekspert Müdafiə Nazirliyinin (Pentaqon) adının Müharibə Nazirliyi kimi dəyişdirilməsini ABŞ-nin öz seçimi adlandırsa da, bunun dünyada normal qarşılanacağını düşünmür:
"ABŞ Prezidenti Donald Tramp həm sülhdən danışır, Nobel Sülh Mükafatını qazanmaq üçün müxtəlif təşəbbüslər irəli sürür, həm də belə qərar qəbul edir. Bu addımın atılması psixoloji olaraq mənfi assosiasiyalar doğurur.
Müharibə Nazirliyi ifadəsi düşündürür ki, ABŞ hansısa ölkə ilə müharibəyə hazırlaşır və ya müharibə etmək niyyətindədir. Bu isə beynəlxalq mühitdə müəyyən narahatlıq və gərginlik yaradır. Məsələ həm psixoloji, həm də siyasi format baxımından narahatlıq doğuran məqam kimi diqqətdə qalır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 6-da ABŞ Müdafiə Nazirliyi Pentaqonun Müharibə Nazirliyi adlandırılması ilə bağlı əmr imzalayıb.
Tramp ABŞ-nin dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına malik olduğunu deyib.
Qiymət Mahir
tag: Mübariz Göyüşlü,Siyasi şərhçi,Tramp,Pentaqon,Müharibə nazirliyi,Todaypress.tv,