Həmid Herisçi Urmiyadan DANIŞDI: “Babalarımız biganə qalmadılar, biz də..."
Təhlil
09.09.2025 18:00
İsrail illərlə davam edən quraqlığın və su səviyyəsinin enməsinin qarşısını almaq üçün Aralıq dənizindən duzsuzlaşdırılmış suyu Təbəriyyə gölünə ötürməyi planlaşdırır. Bu, dünyada öz növündə ilk layihə hesab olunur.
TodayPress TV xəbər verir ki, İsrailin şimal-şərqində, Colan təpələri ilə Qalileya arasındakı ərazidə yerləşən bu göl ölkənin əsas şirin su anbarıdır.
Rəsmi şəxslər gölün səviyyəsinin enməsini geri çevirməyi hədəfləyirlər. Çünki bir neçə illik quraqlıq gölü təhlükəli dərəcədə “qara xətt”ə yaxınlaşdırıb. Bu səviyyədə sudan istifadə ekoloji cəhətdən zərərli olur və geri dönməz fəsadlara yol aça bilər.
Cənubi Azərbaycan ərazisində yerləşən Urmiya gölü isə tamamilə qurudu. Suyunun çox duzlu olmasına baxmayaraq, ümumi sahəsi 6 min kvadratkilometrə yaxın olan Urmiya gölü ətraf ərazilərin iqlim və ekologiyasında böyük əhəmiyyət daşıyırdı.
Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başladığını bildirsə də, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.
Bəs Urmiyanın taleyi bu gün regionun tarixi yaddaşına necə təsir edir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan yazıçı-jurnalist Həmid Herisçi bu sualın cavabının tanınmış alim, rus şairəsi Anna Axmatovanın oğlu Lev Qumilyovun zəngin irsində olduğunu bildirib:
"O, biosferanın və ekologiyanın tarixə birbaşa təsiri haqqında mühüm nəzəriyyənin müəllifi kimi tanınıb. Qumilyov yazırdı ki, tarixi proseslərin təkanverici qüvvəsi təbiətin quruması ilə bağlıdır. Orta Asiyada, Turan çöllərində baş verən quruma prosesi hunların, səlcuqların köç dalğalarına təkan verdi. Nəticədə türklər Yaxın Şərqə, Avropaya köç edib saysız-hesabsız dövlətlərini qurdular. Yəni təbiətin – göllərin qabarma və çəkilmə dövrləri ilə tarixi proseslər bir sinxronluq təşkil edib. Biz türklər həmişə bu ekoloji natarazlıqlara öz çəki daşlarımızı əlavə etmiş, Avrasiya ərazilərində həmin tarazlığı bərpa etmişik.”
H.Herisçinin sözlərinə görə, bu gün də eyni proseslər müşahidə olunur:
"Urmiya gölünün quruması və Xəzərin geri çəkilməsi eyni məxrəcə söykənir. Babalarımız bu tarixi proseslərə biganə qalmadılar, biz də bu prosesləri idarə etmək və tarazlığı qorumaq gücündə olmalıyıq".
Qiymət Mahir
tag: Həmid Herisçi,yazıçı-jurnalist ,Urmiya gölü,Quruma,Xəzər,Todaypress.tv,