Politoloq: "Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yeni təhlükəsizlik mühiti formalaşıb"

Təhlil

11.10.2025 10:00

Finlandiyanın xarici işlər naziri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen oktyabrın 13-15-də Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. 

Finlandiya XİN-in məlumatına görə, bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədr kimi Cənubi Qafqaza ilk səfəridir. 

Səfərin məqsədi bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Məsələni TodayPress TV-yə şərh edən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfəri ümumi kontekstdə region ölkələri ilə ATƏT arasında qarşılıqlı münasibətlərin və əməkdaşlıq imkanlarının mövcud vəziyyətini nəzərdən keçirmək və perspektivlərini qiymətləndirmək baxımından vacibdir.

“Azərbaycan tərəfi dəfələrlə haqlı olaraq narazılığını bildirdi”

Ekspert qeyd edib ki, ATƏT hər şeydən öncə öz yaradılma məqsədinə və adına uyğun fəaliyyət göstərmək imkanlarından məhrumdur:

“ATƏT-in Minsk qrupu yaradıldı ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi vəziyyətini dinc vasitələrlə həll etsin. Bu istiqamətdə ya heç bir addım atmadı, ya da atmaq niyyətində deyildi. Azərbaycan tərəfi dəfələrlə haqlı olaraq narazılığını bildirdi. Bunun baş verməməsinin əsas səbəbi uyğun resursların və mexanizmlərin mövcud olmamasıdır. Təhlükəsizlik məsələləri ilə məşğul olan təşkilatın müvafiq mexanizmləri və gücü olmalıdır. Münaqişə vəziyyətində tərəflər arasında sülh yaratmaq missiyası həyata keçirmək üçün ATƏT-in resursları və mexanizmləri kifayət etmirdi”.

“Azərbaycan tərəfinin təşəbbüsü ilə “3+3” formatı yaradılıb№

Politoloq onu da qeyd edib ki, bu səfər çərçivəsində əməkdaşlıq sahəsində imkanları nəzərdən keçirmək mümkündür:

“Cənubi Qafqaz regionunda Azərbaycanın təşəbbüsü ilə yeni təhlükəsizlik mühiti formalaşıb. Öz torpaqlarımızı Ermənistanın işğalından azad etməklə regionda təhlükəsizlik mühitini yeni keyfiyyət mərhələsinə qaldırdıq. Eyni zamanda Azərbaycan tərəfinin təşəbbüsü ilə “3+3” formatı yaradılıb və bu təşəbbüs çərçivəsində görüşlər keçirilir, addımlar atılır. Yaxın günlərdə “3+3” formatı üzrə yeni müzakirələr baş tutacaq. Ehtimal olunur ki, bu müzakirələr Azərbaycanda da keçiriləcək”.

“İstiqamətlər bəllidir, yeni perspektivlər ola bilər”

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin regiona ilk səfəri həm yeni geosiyasi konfiqurasiya ilə tanışlıq, həm də yeni sədrin baxışları baxımından region ölkələri üçün maraqlıdır:

“Müəyyən təəssürat yaranacaq ki, bundan sonra əməkdaşlığın istiqaməti necə olacaq. Təbii ki, istiqamətlər bəllidir, yeni perspektivlər ola bilər. ATƏT hər zaman funksional olmur və yaradılma mahiyyətinə uyğun fəaliyyət göstərə bilmir. Amma nəticə etibarilə bura beynəlxalq platformadır və səfər çərçivəsində iştirakçılar öz maraqlarını qorumaq, ümumi maraqlar barədə təsəvvürlərə sahib olmaq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək imkanı qazanırlar",- analitik son olaraq bildirib.

Jalə Rövşən 

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Qafqaz,Azərbaycan,Todaypress.tv,