Paşinyan KTMT-ni “topa tutdu”: Ermənistan NATO-ya yaxınlaşır?
Təhlil
02.10.2025 15:07
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) öhdəliklərini yerinə yetirmədiyini anlayanda müstəqil olduğunu bildirib.
“2022-ci ildə anlayanda ki, KTMT bizə münasibətdə öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik. Biz anladıq ki, guya sizin qurduğunuz təhlükəsizlik sistemi sadəcə bir köpükdür və sadəcə dövlətimizin inkişafına mane olmaq üçün istifadə edilən bir vasitədir”, - Paşinyan deyib.
O əlavə edib ki, Qarabağ məsələsi də bir sıra ölkələr tərəfindən Ermənistanın tərəqqisinin qarşısını almaq üçün istifadə olunub.
Paşinyanın bu etiraflarını TodayPress TV-yə siyasi şərhçi Zeynal Əmrəliyev şərh edib.
Onun sözlərinə görə, KTMT ilə Ermənistan arasındakı problemlər uzun müddətdir davam edir və bu problemlərin kökündə Nikol Paşinyanın Qərb hərbi təşkilatlarına inteqrasiya prosesini başlatması dayanır.
“Qərbə doğru inteqrasiya mərhələsinə start verib”
"2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın orbitində olan təşkilatlardan çıxaraq Qərbə doğru inteqrasiya mərhələsinə start verib və bu çərçivədə müəyyən addımlar atıb.
Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti Paşinyana bu prosesdə əlavə stimul verib. Paşinyan isə vəziyyətdən istifadə edərək, Rusiyanın nəzarətində olan təşkilatlardan çıxmaq və Qərb hərbi qurumlarına üzv olmaq üçün KTMT-ni onlara lazımı dəstəyi verməməkdə ittiham edir".
“Beynəlxalq hüquq da işğal altında olan əraziləri Azərbaycan ərazisi kimi tanıyıb”
Ekspertin fikrincə, Paşinyan haqlı deyil. KTMT-nin nizamnaməsinə görə, təşkilata daxil olan ölkələrdən hər hansı birinin ərazisinə hərbi müdaxilə olarsa, KTMT dərhal həmin ölkəni müdafiə etmək üçün hərəkətə keçə bilər. Bu prinsip NATO-da da eynidir. Məsələn, NATO üzvü olan ölkəyə hücum baş verərsə, NATO-nun hərbi qanadı işə düşərək ölkəni qoruyar. Azərbaycan isə 44 günlük müharibədə Ermənistan ərazisinə heç bir müdaxilə etməyib və beynəlxalq hüquq da işğal altında olan əraziləri Azərbaycan ərazisi kimi tanıyıb. Bu səbəbdən KTMT-nin müdaxilə etməməsi məsələsi əsassızdır.
Analitik sonda vurğulayıb ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qərb təşkilatlarına yönəlib və yaxın gələcəkdə KTMT-dən çıxmaq və NATO üzvlüyü üçün real addımlar atmaq imkanını nəzərdən keçirə bilər.
Jalə Rövşən
tag: Paşinyan,KTMT,NATO,Üzvlük,Todaypress.tv,
