Avropanın keçmiş "Kraliçası" siyasi səhnəyə qayıdır?

Təhlil

13.02.2026 18:09

Almaniyada Angela Merkelin yenidən yüksək vəzifəyə qayıdacağı barədə iddialar gündəmə gəlib.  Ona xüsusilə miqrasiya siyasətinə görə nəzarətsiz axının yaranması və Almaniyanın atom elektrik stansiyalarını bağlayaraq ölkəni Rusiyadan enerji asılılığına sürükləməsi ittihamları irəli sürülür.

Maraqlıdır,  Merkelin qayıdışı nə dərəcədə realdır?

Sözügedən məsələni politoloq Zaur İbrahimli TodayPress TV-yə şərh edib.


O, xatırladıb ki, vaxtilə “Avropanın kraliçası” adlandırılan Angela Merkel 2005–2021-ci illərdə Almaniyaya rəhbərlik edib və onun dövründə ölkə həm iqtisadi baxımdan güclənib, həm də Avropa İttifaqındakı mövqelərini möhkəmləndirib. Lakin sonrakı hadisələr göstərib ki, Merkelin Rusiya ilə bağlı geosiyasi yanaşması özünü doğrultmayıb.  

"Onun strategiyası iqtisadi əməkdaşlıq vasitəsilə Rusiyanı daha praqmatik və ehtiyatlı siyasətə yönəltmək idi. Ancaq 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması bu hesablamaların yanlış olduğunu ortaya qoydu. Avropa ilə sıx iqtisadi əlaqələr Moskvanı hərbi addımdan çəkindirmədi", - politoloq qeyd edib. 


Analitik vurğulayıb ki, eyni zamanda Almaniyanın enerji təchizatında Rusiyadan yüksək asılılığı və Avropanın strateji muxtariyyət ideyasına yetərli dəstəyin verilməməsi də tənqid olunan məqamlardandır. Bu gün Avropada təhlükəsizlik gündəliyi dəyişib, Rusiya əsas strateji rəqib kimi qiymətləndirilir və hərbi potensialın gücləndirilməsi prioritetə çevrilib.  

"Belə bir şəraitdə fərqli geosiyasi paradiqmanın təmsilçisi olan Merkelin yenidən hakimiyyətə qayıtması real görünmür. Onun şəxsi nüfuzu yüksək olsa da, mövcud şərtlər altında yenidən siyasi lider kimi ön plana çıxması inandırıcı hesab edilmir", - Zaur İbrahimli fikrini sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

tag: Zaur İbrahimli,Politoloq,Angela Merkel,Avropa,Todaypress.tv,