Yağış yağanda yollar niyə gölə çevrilir? AAYDA-dan açıqlama
İntensiv yağışlar zamanı avtomobil yollarında su yığılması halları drenaj və yağış kanalizasiya sistemlərinin ötürmə qabiliyyətinin kifayət etməməsi, eləcə də bəzi ərazilərdə müvafiq infrastrukturun olmaması ilə bağlı ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğuya cavab olaraq bildirilib.
Qeyd olunub ki, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı səth sularının yol örtüyündən kənarlaşdırılması üçün müvafiq tədbirlər görülür. Yağış kanalizasiya və drenaj sistemlərinin mövcud olduğu ərazilərdə sular həmin sistemlərə yönləndirilir. Belə infrastrukturun olmadığı sahələrdə isə yolun relyefinə uyğun olaraq təbii su axınının təmin edilməsi nəzərdə tutulur.
Agentlikdən bildirilib ki, normadan artıq yağıntılar zamanı mövcud sistemlərin ötürmə imkanları yetərli olmadıqda yollarda müvəqqəti su yığılması müşahidə edilə bilər.
Həmçinin vurğulanıb ki, şəhər üzrə yağış və digər səth sularının toplanması, kənarlaşdırılması, eləcə də kanalizasiya sistemlərinin idarə olunması Agentliyin birbaşa səlahiyyətlərinə aid deyil. AAYDA öz səlahiyyətləri çərçivəsində avtomobil yollarının təhlükəsiz və fasiləsiz istismarının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.
Kübra Musayeva